Təhqir dolu oyuna görə AFFA-dan cəza yağışı

“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, I divizionun XIV turunun “Araz Naxçıvan” – “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb. O, oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.

Bakılıların futbolçusu Ülvü Mədətov da 58-ci dəqiqədə təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq diskvalifikasiya olunub və paytaxt təmsilçisini 320 manat ziyana salıb.

Mədətovun komanda yoldaşları Bahadur Quliyev 90+6-cı, Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə aldığı qırmızı vərəqə üzündə 1 turluq cəza və 20 manat cəriməyə məruz qalıb.

Meydan sahiblərinin qapıçısı Vüsal Şabanovun oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etməsi də cəzasız qalmayıb. 3 oyunluq cəzalanan qolkiper klubunu 160 manat xərcə salıb.