Bəzi insanlar, xüsusilə də məhşurların bir çoxu gündəmə gəlmək üçün bəzən sosial şəbəkələrdə qeyri-etik ifadələr, bəzən də daha ağır sözlərlə bir – birini alçaldırlar.
Sosial şəbəkələrdə qeyri-etik ifadələr, söyüş və təhqirlə gündəmə gələnlər nə demək istəyir?
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli mövzuyla bağlı Bizim.Media-ya danışıb. O, deyib ki, son dövrlər sosial mediada təhqir, söyüş, qeyri-etik paylaşımlar aktual mövzuya çevrilib:
“Xüsusən “TikTok” sosial şəbəkəsinin Azərbaycanda populyarlaşması və geniş yayılmasından sonra biz təhqiredici paylaşımlara daha çox rast gəlirik. Bir neçə il əvvəl söyüşlə, təhqirlə məhşurlaşan şəxslər gündəmə gəlirdilər, onlar fenomen kimi tanınırdılar və cəmiyyətdə bir növ “nüfuzlu” şəxslər kimi qələmə verilirdilər. Daha sonra bununla bağlı DİN tədbirlər gördü və belə şəxslərin sayı hazırda azalmaqdadır”.
Hacıbəy Heydərlinin sözlərinə görə gərək cəmiyyətimiz belə hallara qarşı reaksiyalı olsun:
“Elə paylaşımlar görəndə rəsmi qurumlara bildirmək məqsədəuyğundur. Təbii ki, bu baxımdan jurnalistlərin də üzərinə böyük vəzifələr düşür. Biz sözügedən şəxslərə etdikləri əməllərə görə qanun qarşısında məsuliyyət daşıyacaqlarını xatırlatmalıyıq”.
Jurnalist sonda onu da vurğulayıb ki, əslində sosial şəbəkələrdə bu kimi hərəkətlərlə, təhqirlərlə gündəmə gələnlər öz tərbiyə və mənəviyyatlarını ortaya qoyanlardır:
“Onların tərbiyələri bundan ibarətdir”.