Tehran və Beyrut arasında ciddi MÜBAHİSƏLƏR: İranda prezidentə qarşı münasibətlər gərginləşir

İranın yeni rəhbərliyi hazırda ABŞ-dəki prezident seçkilərinin nəticələrini gözləyir. İranın islahatçı hökuməti üçün vacib olan məqam demokratların qalib gəlməsi və Obama klanın da təsirinə malik olduğu Harris-Valz hökuməti ilə yeni nüvə anlaşmasına nail olmaq, sanksiyaları yumşaltmaq və iqtisadi imkanları yaxşılaşdırmaqdır.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, bir sözlə, İran hökuməti praqmatizmlə “dəli adam” görüntüsü arasında olan incə fərqdə praqmatizmi üstün tutur.

“Bu, İranın uzun illərdir formalaşdırdığı “dəli adam (mad man – red.) hər şeyə qadirdir” mifinin dağılması ilə nəticələnir və bunun İran üçün mümkün nəticələri olacağı aydındır. Çünki İran İsrailə cavab vermədikcə, İsrail İranın proksi güclərinə qarşı təzyiqləri artıracaq və maksimum şəkildə onun proksi güclərini zəiflədəcək. İran rəhbərliyi hesab edir ki, indi müharibəyə qoşulmaq və İsrailə mümkün sərt cavab vermək həm İrana qarşı cəbhəni gücləndirə, həm demokratların şansını azalda və ən əsası, həm də İranın yeni rəhbərliyinin iqtisadi planlarına zərbə vura bilər”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, İsrail həmlələrini artırdıqca, İran prezidentinin də addımları İran daxilində siyasi gərginliyi artırır.

“Məsud Pezeşkian Nyu-Yorkda olarkən Pensilvaniya universitetinin israilli professoru olan Liver Sterfeldlə bir araya gəlib. Solçu düşüncələrə malik İsrail əsilli professorla İran prezidenti sülhün bərqərar olmasında dünya dinlərinin rolu adlı paneldə iştirak edərkən görüşüb və daha sonra tərəflər mümkün sülh ehtimalını danışıb. Bu isə İranda prezidentə qarşı münasibəti daha da gərginləşdirib. Prezident ofisi professorun israilli olduğundan xəbərsiz olduqlarını desə də, professor görüşün əvvəldən razılaşdırıldığını və prezidentin onun kimliyindən tam xəbərdar olduğunu bildirib.

Həmçinin İran prezidenti M. Pezeşkian “The Financial Times” müsahibəsində “İsrailin Baş naziri Benyamin Netanyahuya insan demək olmaz” fikrini səsləndirib. SEPAH-a bağlı jurnalist isə “cənab prezident bu fikri etiraf etməyiniz bir az gec olmadımı” sualını Pezeşkiana yönləndirib”, kanal yazır.

Qərb mediasının iddiasına əsasən, “Hizbullah” İranın susqunluğundan və yeni hökumətin Qərblə anlaşmaq istəyindən narazı qalıb.

“Hətta bununla bağlı Tehran və Beyrut arasında ciddi mübahisələr yaranıb. İran rəhbərliyi “Hizbullah”a dəstəyə davam edəcəklərini və bu mövqeyin müvəqqəti olduğunu bildiriblər. Lakin “Hizbullah” getdikcə İrandan İsrailə daha sərt cavab tələb edir. İran və proksi gücləri arasında koordinasiya getdikcə zəifləyir, eyni zamanda, İran rəhbərliyi mediada yayılan iddialara əsasən, “Hizbullah”ın bir neçə gün öncə İsrailə daha sərt cavab verməsinin qarşısını alıb. “Hizbullah” hesab edir ki, Tehran cavab tədbirlərini gecikdirdikcə, İsrail hücumların kəsərini artırır. İran rəhbərliyi isə maksimum şəkildə təmkinli olmağa və cavabı öz uyğun bildikləri məqamda vermək istəyirlər”, – deyə bildirilib.

Kanalın analitiklərinin fikrincə, əgər “Hizbullah” lideri Həsən Nəsrullahın da öldürülməsi xəbəri təsdiq edilərsə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsindən sonra bu İranın proksi şəbəkəsinə və onun imicinə vurulacaq ən ciddi zərbə olacaq.

“Eyni zamanda, bu durum Pezeşkian hökumətinə qarşı daxildə və proksi gücləri arasında etimadın azalmasına, habelə ona qarşı təzyiqlərin güclənməsinə səbəb ola bilər. İran üçün digər çətin qərar və dilemma isə İsrailə bu dəfə cavab vermək məcburiyyəti, bunun kifayət qədər ciddi olmalı olduğu və seçki öncəsi Tehranın buna getməsinin onun üçün bəzi siyasi uğursuzluğa səbəb olacağı ehtimalıdır.Yəni Tehran buna görə cavab tədbirlərini yenə təxirə sala və uzada bilər. Amma bu ona olan etimadı azalda və İranın adlı dini lideri Seyid Əli Xamneyinin özünə də SEPAH tərəfindən təzyiqləri artıra bilər.

İstənilən halda, Nəsrullahın ölümü təsdiqlənərsə, bu Yaxın Şərqdə yeni bir eranın başlanğıcı ola bilər. Əgər respublikaçıların vahid namizədi Donald Tramp prezident seçilərsə, onda İran üçün təhlükəsizliyini təmin edə bilməyin yeganə şərti nüvə silahı əldə etmək olacaq”, – deyə qeyd edilib.

Rafi Müslümov

COP29