Tehranda polis futbol matçında soydaşlarımıza hücum etdi-Video, Foto

img1770798Urmiyədən olan millət vəkilləri etiraza qalxdı, komandanın baş məşqçisi istefa verdi

Tehranın “Azadi” stadionunda bu şəhərin “Peykan” və Urmiyənin “Şəhrdari” komandaları arasında keçirilən voleybol müsabiqəsində Urmiyə komandası tərəfdarlarının polis hücumuna məruz qalması Güney Azərbaycanda və ümumən İranda ciddi rezonans doğurub. Xatırladaq ki, martın 18-də baş tutan və tehranlıların 3 – 2 hesabı ilə qalib gəldiyi voleybol qarşılaşmasının yekununda soydaşlarımız bir çox milli şüarlar səsləndiriblər. Lakin “Traxtur” futbol komandasının oyunlarında olduğu kimi, voleybol matçı da qarşıdurmasız ötüşməyib.

Polis qüvvələri milli şüarlar səsləndirən Urmiyə komandasının tərəfdarlarına qəfildən hücum edib və onları vəhşicəsinə döyüb. Onlarla soydaşımızın yaralandığı hadisə azərbaycanlıların ciddi qəzəbinə səbəb olub, hətta bir çox yerli məsul da bu məsələyə ciddi etiraz bildirib. Polis oyundan qabaq bir çox soydaşımızın stadiona daxil olmasına da mane olub. “Şəhrdari” takımına ayrılan yerlərin dolması bəhanəsi ilə azərbaycanlı tamaşaçıların əksəriyyəti stadiona buraxılmayıb. Oyun bitdikdən sonra isə onlar da polis hücumuna da məruz qalıb.

Bu hadisəyə Cənubi Azərbaycan əhalisi ilə yanaşı, bir neçə yerli məsul da kəskin etiraz edib. Son məlumata görə, polis zorakılığını Urmiyənin Şəhər Şurası da kəskin şəkildə qınayıb və bildirib ki, “Tehran stadionunda baş verən hadisənin əsas səbəbkarı polis qüvvələridir və onlar məsuliyyətə cəlb olunmalıdır”.

Şəhər Şurası hadisə ilə bağlı təcili iclas keçirib və öz etirazını bəyanat şəklində yayıb. Bəyanatda deyilir ki, “Şəhər Şurası bu hadisəni Daxili İşlər Nazirliyi və Polis rəhbərliyində təqib edəcək”.

Bu arada “Şəhrdari” klubunun rəhbərliyi də voleybol tərəfdarlarını dəstəkləmək məqsədi ilə öz fəaliyyətini dayandırıb. Əhəd Yusifi bildirib ki, Daxili İşlər Nazirliyi və İdman və Gənclər Nazirliyi bu işi araşdırmalıdır. Bu araşdırmadan sonra yəqin ki, nəticə üzə çıxacaq və onun fəaliyyəti həmin nəticəyə qədər təxirə salınır. İdarə heyətinin rəisi bildirib ki, “Urmiyə voleybolunun tərəfdarlarına qarşı hörmətsizlik qəbuledilməzdir və bütün yerli məsulları bu məsələni təqib etməyə çağırırıq. Araşdırmaların nəticəsi bəlli olmayana qədər voleybol heyəti öz fəaliyyətini təxirə salır”. Hadisə zamanı “Şəhrdari” komandasının iki oyunçusunun paltarı cırılıb, hətta Urmiyənin bələdiyyə başqanı Həzrətpur da döyülüb.

Polis qüvvələrinin azərbaycanlı tamaşaçılara qarşı hücumuna heç bir səbəb olmadığını artıq məsul şəxslər də bildirir. Bu səbəbdən sözü gedən hadisə ciddi etirazlara yol açıb. Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin voleybol heyətinin rəisi öz vəzifəsindən istefa verib. Kərim Fruzan Voleybol Federasiyasının rəisi Davərzəninin müsahibəsindən sonra, həmçinin Şəhrdari komandasının tərəfdarlarına olan hörmətsizliyə görə istefa verib.

Hadisəyə “Şəhrdari” klubunun məsulları ilə yanaşı, azərbaycanlı millət vəkilləri də reaksiya verib. Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur sözügedən zorakılıqla bağlı bildirib ki, bu qonaqpərvərliyin yolu deyil, hətta əgər bir nəfər şüar söyləyən olubsa, o şəxsi tapıb və onunla müəyyən rəftar etmək olardı”.

N.Qazipur urmiyəli komanda tərəfdarları arasında qarşıdurmanın olduğunu da rədd edib və bildirib ki, bu şayiələr yalandır. Millət vəkili hadisənin səbəblərini rəsmi orqanlar tərəfindən araşdırılacağını vurğulayıb. GunAz.TV xəbər verir ki, Urmiyənin daha bir millət vəkili Cavad Cahangirzadə də baş verən hadisəyə görə etiraz edib. O, bildirib ki, urmiyəlilərin belə qarşılanması heç bir qonaqpərvərlik prinsiplərinə uyğun gəlmir. Əhalini sakitliyə çağıran millət vəkili səlahiyyətli orqanlara müraciət edərək bu məsələni təqib edəcəyinə söz verib.
Qeyd edək ki, “Traktor” futbol komandasının oyunlarında olduğu kimi, son vaxtlar voleybol klubunun oyunlarında da “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun” sədaları möhtəşəm mənzərə yaradırdı. Milli şüarların səsləndirilməsini qadağan edən Tehran hakimiyyəti görünür, istəyinə nail olmaqdan ötrü zorakılığa əl atmaqdan başqa çıxış yolu tapa bilməyib.