Tehranda Xocalı Beynəlxalq Rəsm Sərgisi keçirilir

İranın paytaxtı Tehranda Xocalı soyqırımına həsr olunmuş Xocalı Beynəlxalq Rəsm Sərgisi keçirilir.

Yenicag.az xəbər verir ki, bunu İranın Bəsic Mostazafin Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Məhəmməd Əli Möminiha deyib.

Ə.Möminihanın sözlərinə görə, sərgi bir neçə beynəlxalq ictimai müəssisənin təklifi və təşəbbüsü, Bəsic Mostazafin Təşkilatının dəstəyi və Tehran Meriyası Mədəniyyət və İncəsənət Təşkilatının əməkdaşlığı ilə keçirilir.

Sədr müavini sərginin məqsədinin Azərbaycan xalqının dərdinə şərik çıxmaq olduğunu bildirib.

Sərgi 23-27 fevralda Tehranda Xalqlar Mədəniyyət Mərkəzində keçirilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.