Tehrandakı səfirliyimizin açılması üçün danışıqlar aparılmır – XİN

“Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumla bağlı istintaqın nəticələri hələ də bizə təqdim olunmayıb”.

Yenicag.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

“İstintaqın bitməsinə baxmayaraq, bizə hər hansı məlumat verilməyib” – XİN rəsmisi deyib.

Səfirliyimizin yenidən fəaliyyət göstərməsinə gəlincə, A.Hacızadə hələlik bununla bağlı danışıqların aparılmadığını vurğulayıb.

Qeyd edək ki, bu gün İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın tamamlandığını bildirib.

“Bu, acı bir hadisə idi. Bütün aidiyyəti qurumlar hesab edirlər ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir. Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”, – İran rəsmisi bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

COP29