Tehrandan ciddi nəticələr törədəcək ADDIM: “İran son raket hücumları ilə göstərdi ki…”

“Hörmüz boğazının bağlanması Tehranın ciddi nəticələrə səbəb ola biləcək mümkün addımlarından biridir”.

Yenicag.az xəbər verir ki, bunu İran-İsrail münaqişəsinin dünya geosiyasi mühitinə təsirindən danışan politoloq Marat Bəşirov deyib.

Onun sözlərinə görə, Rusiya və Çin İranın müttəfiqləri olsa da, açıq hərbi qüvvə kimi proseslərdə iştirakı qeyri-mümkündür. O qeyd edib ki, əməkdaşlıq yalnız informasiya və kəşfiyyat sahəsində ola bilər.
“Uzaqmənzilli ballistik raketlərin hazırlanmasında İrana yardım edən Şimali Koreyanı da unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, amerikalılar və israillilərin ilk növbədə atacağı addım məhz dəniz qüvvələri koalisiyasını birləşdirmək olacaq. İranın isə iqtisadi silahını unutmaq olmaz. Hörmüz boğazının bağlanması Tehranın ciddi nəticələrə səbəb ola biləcək mümkün addımlarından biridir.
İran son raket hücumları ilə göstərdi ki, İsrail və ABŞ-nin birgə hava hücumundan müdafiə sistemini üstələyə bilər. İsrail mətbuatı amerikalıların 200 ballistik raketdən yalnız 12-ni vura bildiyini deyib”, – deyə o bildirib.
Politoloq vurğulayıb ki, Donald Tramp seçki prosesində ABŞ-nin düşdüyü bu vəziyyətdən xal qazanmağa çalışacaq.

“Co Bayden isə ABŞ-ni hərbi münaqişəyə sürüklədiyi üçün zəif və axmaq lider olaraq tarixə düşəcək. İsrailin baş naziri Benjamin Netanyahu isə baş verənlərə görə ictimai rəy baxımından ciddi təzyiqə məruz qalacaq”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29