İran paysız qaldığından cığallıq edir “İranın Zəngəzur dəhlizinə etirazı yeni deyil. Tehran hakimiyyəti Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və Zəngəzur dəhlizi məsələ kimi gündəliyə gətirildikdən sonra Tehran hakimiyyəti özünə “qırmızı xətt” cızdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
O, İranın Zəngəzur dəhlizinin açılmaması ilə bağlı israrlı mövqeyinə toxunub.
S. Soltana görə, İran cızdığı “qırmızı xətt”də Ermənistanın ərazi bütövlüyü, regionda geosiyasi xəritənin və “tarixi” sərhədin dəyişməməsi kimi cəfəng ideyaları bəhanə olaraq gətirdi:
“Zəngəzur yolu ideyası Ermənistanın ərazi bütövlüyünə qarşı çıxmaq deyil. Zəngəzur yolu Ermənistan ərazisindən keçəcək və burada əsas söz sahibi İrəvan administrasiyadır. Burada ikinci, üçüncü və s. dövlətlərin məsələyə müdaxiləsi pozuculuq fəaliyyətindən özgə bir şey deyil”.
Onun fikrincə, Zəngəzur yolunun açılması Tehran hakimiyyətinin regional proseslərdə oyundankənar vəziyyətdə qalmasını göstərəcək:
“Tehran hakimiyyəti indiyə qədər Ermənistandan alət olaraq Cənubi Qafqazı qarışdırmaqda istifadə edirdi. Xüsusilə də Azərbaycana qarşı bundan yararlanırdı. Zəngəzur yolunun açılması isə İranı bu alətdən məhrum edir. İranın Ermənistanla birgə reallaşdırmaq istədiyi Cənub-Şimal marşrutu layihəsi də öz əhəmiyyətini itirir. Çünki bu layihə Hindistan-İran-Ermənistan-Gürcüstan vasitəsilə Qara dənizə, oradan da Avropa çıxmağı hədəfləmişdi. Amma bu layihə də sıradan çıxır”.
Mütəxəssis qeyd edib ki, Zəngəzur yolu Avropa ilə Asiyanın körpüsüdür:
“Bu layihənin reallaşması həm də Xəzər dənizindən keçən Transxəzər dəhlizinə bir dəstəkdir. Qısacası, Asiyanın iqtisadi nəhəngi sayılan Çin, Avropa dövlətləri və Rusiya da buna razılıq verib. Deməli, beynəlxalq güclər bu layihənin reallaşmasını müsbət qarsalayırlar. Belə olan halda, İranın bu kimi qıcıqlandırıcı bəyanat verməsi layihənin reallaşmasına əngəl törətmək cəhdləridir. Çünki İran Yaxın Şərqdə “husilər” vasitəsilə Qırmızı dəniz və Süveyş kanalından keçən iqtisadi-ticarət marşrutlarına maneələr yarada bilir. Amma Zəngəzur yoluna onun nəzarət etməyə imkanı olmur. Yəni İranın şimalından beynəlxalq xətt keçir, lakin Tehranın burada heç bir rolu yoxdur.
İranın oyundankənar vəziyyətdə qalması, başqa sözlə, Tehranın həm də paysız qalmasıdır. İran paysız qaldığından cığallıq edir. Bu cığallıq da Tehran hakimiyyəti üçün daha ciddi problemlər yaradacaq. Zəngəzur yolunun açılması Süveyş kanalından keçən alternativdir. Bu isə Tehranı beynəlxalq ticarətə təsiretmə imkanlarından məhrum edir”.
Rafi Müslümov