“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu günə qədər İran-Azərbaycan münasibətləri heç vaxt tamamilə normal olmayıb. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsinə qədər torpaqlarının Ermənistan tərəfindən işğal olunması və İranın bu prosesdə daim Ermənistanı müdafiə etməsidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.
Analitik Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə İran-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə, habelə Tehran-Bakı əlaqələrinin pərdəarxası məqamlarına münasibət bildirib.
S. Soltana görə, İran hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və suverenliyinə zərbələrin vurulmasına dolayı və ya birbaşa dəstək verib:
“Bununla yanaşı, Tehran Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkəyə qarşı heç vaxt sanksiya tətbiq etməyib və ya onu cəzalandırmayıb. Bu, İranın Azərbaycanın haqlı mübarizəsini, beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarını və ərazi bütövlüyünü müdafiə etməkdən imtina etdiyini göstərir. Tehran hakimiyyəti Azərbaycanın milli maraqlarını və mənafeyini müdafiə etmək əvəzinə, daim təcavüzkarın yanında yer alıb. İran bir qonşu ölkə olaraq Azərbaycanın tarixi, milli, mədəni və etnik bağlarını, eləcə də müsəlman dövləti kimi mənafeyini nəzərə almadan hərəkət edib. İranın bu münasibəti beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması prosesində də ədalətli mövqedən çıxış etməməsi ilə nəticələnib. Məsələn, digər müsəlman dövləti olan Pakistan daim Azərbaycanın haqlı işini müdafiə edib, amma İran bu məsələdə tam əks mövqe sərgiləyib”.
Həmsöhbətimiz əlavə edib ki, İran hakimiyyətinin bu siyasətinin kökündə Azərbaycanın müstəqillik yolunu seçməsi dayanır:
“İran Azərbaycanın sovet müstəmləkəsindən çıxaraq özünü “böyük qardaş” kimi tanıyacağını gözləmişdi, lakin Azərbaycan heç kimi özünə böyük qardaş seçmədi. Bu mövqe Azərbaycanın müstəqil siyasət yürütmək qərarını və tarixi təcrübədən çıxardığı dərsləri əks etdirir. İranın bu mövqedə israrlı olması həmçinin onun İrandakı milyonlarla Azərbaycan türkü üçün güclü və müstəqil Azərbaycanın nümunə olmasından qorxması ilə bağlıdır.
Bundan əlavə, İran hakimiyyəti fars mərkəzli ideologiya ilə idarə olunur və bu ideologiya açıq şəkildə türk düşmənçiliyi üzərində qurulub. Din amili burada sadəcə bir alət kimi istifadə olunur. Zəngəzur dəhlizi məsələsində, Qarabağın azad olunmasında və müharibə dövründə İran hakimiyyətinin mövqeyi bu düşmənçiliyi açıq şəkildə göstərir. İran Azərbaycanın İsrail və ABŞ ilə əlaqələrini bəhanə edərək antitürk siyasətini davam etdirir və hər zaman Türkiyə-Azərbaycan əməkdaşlığına qarşı çıxış edir”.
“İranın Azərbaycana qarşı münasibəti daha açıq şəkildə Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunda özünü göstərdi. Bu hücumdan iki il keçməsinə baxmayaraq, hücumu həyata keçirən şəxs hələ də cəzalandırılmayıb. Bu, İranın Azərbaycanın suverenliyinə və bütövlükdə Azərbaycan türklərinə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan isə dəfələrlə İranın səhvlərini görməzlikdən gəlib, dialoq və dostluq təklif edib. Lakin İran hakimiyyəti bu addımları qarşılıqsız qoyaraq, düşmənçilik siyasətini davam etdirib. Beləliklə, İranın illərdir yürüdüyü siyasət Azərbaycanın suverenliyinə və haqq işinə maneə olmaq və regionda destabilizasiya yaratmaq üzərində qurulub. Azərbaycan isə bütün bu çətinliklərə baxmayaraq, öz milli maraqlarını qorumağa və regionda sülh və əməkdaşlıq üçün çalışmağa davam edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov