“İranın həyacanını anlamaq mümkündür”.
Bu sözləri İsrail tərəfinin İranda hərbi əməliyyatlar keçirməklə bağlı anons verməsi fonunda rəsmi Bakı ilə Tehran arasında yaşanan son gərginliklər barədə danışan Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Zəlimxan Məmmədli bildirib ki, İran İsrailin dostu Azərbaycanı vuraraq heyf çıxmaq istəyir:
“İranın İsrail və ABŞ əleyhinə şüarları rəsmi Tehranın teokratik rejiminin əsas işidir. Bu şüarların tarixi kökləri, eyni zamanda, siyasi-ideoloji əsasları da var. Bu şüarlar qara topluma, kütləni almağa hesablanmışdı. Bunlar artıq köhnəlib. İrandan mühacirət edənlərin səsi ABŞ və Avropadan gəlir. İsraillə tarixdən gələn gərginlik var. İran İsraili yer üzündən siləcəyi ilə hədələyib. Hətta ayrı-ayrı vaxtlarda hərbi toqquşmalar da olub. İran indiki zamanda ətrafında həlqənin daraldığını görür və buna görə də coğrafiyanı genişləndirmək istəyir. Moskva da eyni modelə üstünlük verir. Terror, diversiyalar, şarlatanlıq, öz hədəflərinə çatmaq üçün ixtiyari bir şeyi qanuniləşdirmək onların məqsədləridir. İran “Qafqaza necə yerləşə bilərik?” sualı üzərində baş sındırır. İsrail-Azərbaycan münasibətləri starteji müttəfiqlik müstəvisinə çatırsa, İsrailin dostu olan Azərbaycanı vuraraq heyf çıxmaq istəyirlər.
İki dövlətin arasında müharibə olmasında maraqlı deyilik. İran son zamanlar təhdidlərini artırır. Bu məsələ diplomatik müstəviyə keçsə, daha yaxşı olar. Müəyyən zaman kəsiyində soyuq, psixoloji müharibə ritorikaları dəyişə bilər. Hesab edirəm ki, proseslər bu istiqamətə gedəcək. İranın həyəcanı Rusiya ilə eynidir. İranla Rusiya strateji tərəfdaş kimi razılaşmış platformanı ortaya qoyurlar. İsrailin bölgəyə gəlməsi, Azərbaycanla münasibətləri kəskinləşdirməkdə məqsədi onu göstərir ki, İranın lənətlədiyi İsrail, ABŞ və Böyük Britaniya ilə Azərbaycanın münasibətləri yaxşıdır. Bu konteksdən yanaşanda İranın həyacanını anlamaq mümkündür. İran Azərbaycanı hədəf götürərək qazdığı quyunu dərin edir və İranın bu durumdan çıxmaq imkanı yoxdur”.
Səxavət Məmməd