“ABŞ Yaxın Şərqdəki maraqlarını həyata keçirmək üçün İranla razılığa gəlmək istəyir”.
Bu sözləri İranın vurulması ilə bağlı ABŞ və İsrailin ortaq məxrəcə gələ bilməməsini Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.
Şair Ramaldanovun sözlərinə görə, İranla ABŞ arasında siyasi alver gedir.
“Siyasi oyun gedir. İsrail əgər İranı vurmaq istəsə idi, bu günə qədər bunu edərdi. ABŞ ilə İsrail hansısa məlumatların mətbuata sızması yönündə bir-birini ittiham edirsə, bu o deməkdir ki, İranı nədənsə çəkindirmək istəyirlər. İstəyirlər ki, İranla bağlı öz siyasətlərini yeridə bilsinlər. Burda siyasi alver gedir”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, bu məsələdə təkcə İsrail olsaydı, bunu başqa cür qiymətləndirmək olardı.
“Ancaq İranın vurulması ilə bağlı ABŞ-nin də aktiv olduğunu gördükdə, ABŞ ilə İranın özünün müəyyən məsələləri həll etmək istədiklərini deyə bilərik. Ona görə də bu fonu yardırlar ki, İran hansısa məsələlərdə razılığa gəlsin.
Yaxın Şərqdə İranın təsiri çoxdur. Yaxın Şərqdə ABŞ-nin də maraqları var. ABŞ da bilir ki, onun maraqlarına İran təsir edə bilər. Ona görə də, ABŞ öz maraqlarını təmin etmək üçün bu fonu yaradır ki, öz maraqlarını həyata keçirmək üçün Tehran səbrli olsun”, – deyə o bildirib.
Səxavət Məmməd