Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Təhsil haqlarının artırılması mənfi nəticələrə yol açacaq” – Ekspertdən XƏBƏRDARLIQ

“Bəzi ixtisaslar üzrə qabiliyyət imtahanının ləğv olunması, ümumiyyətlə, anlaşılmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müəyyən ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğvi fonunda bir sıra ixtisaslar üzrə illik təhsil haqlarının artırılmasını dəyərləndirən ekspert Qoşqar Məhərrəmov deyib.

Qoşqar Məhərrəmovun fikrincə, bir sıra ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğvi müsbət nəticələr vəd etmir:

“Qabiliyyət imtahanlarının ləğvi ali təhsilin keyfiyyətinə təsirsiz ötüşməyəcək. Belə ki, qabiliyyət tələb edən ixtisasa düşən tələbə özündə müəyyən boşluq hiss edə bilər.

Əslində, qabiliyyət imtahanı bir süzgəc rolunu oynayırdı. Bəzi ixtisaslar üzrə qabiliyyət imtahanının ləğv olunması, ümumiyyətlə, anlaşılmır. Ümid edirəm ki, pandemiya dönəmi ilə əlaqədar qəbul olunan bu qərarın gələcək üçün müsbət perspektiv vəd etmədiyi nəzərə alınacaq və geri addım atılacaq”.

Təhsil haqlarının artırılmasına toxunan ekspert bildirib ki, sosial-iqtisadi vəziyyətin ağırlaşdığı indiki dövrdə belə bir qərarın qəbulu mənfi nəticələrə yol açır:

“Azərbaycanda ixtisas qrupları üzrə dolmayan boş yerlər var idi. Hətta bu il ixtisaslararası keçidlər də mümkün olacaq. Yəni II qrup ixtisasına müraciət edən abituriyent III qrup ixtisaslarını da qeyd edə biləcək.

Bu addım ali məktəblərə qəbulla bağlı yerlərin dolması məqsədi daşıyır. Lakin təhsil haqlarının artırılması ali məktəblərin əleyhinə işləyəcək. Yaxşı olardı ki, hər hansı qərar qəbul olunanda, vətəndaşların sosial-iqtisadi vəziyyəti də nəzərə alınsın”.

Qeyd edək ki, baş nazir Əli Əsədovun imzaladığı 239 nömrəli qərarından çıxarışa əsasən, bəzi ixtisaslar üzrə qabiliyyət imtahanları ləğv olunub.

Gülşən Şərif

www.yenicag.az

678