“Əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı olaraq 2000 manat təsis edilib”.
Yenicag.az xəbər verir ki, bunu fondun fəaliyyətinə dair hesabatda təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə toxunan “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla, ümumilikdə, 215 müraciət təmin edilib:
“Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 manat vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi fond tərəfindən, 72 şəxsin isə ödənişi fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.
23 iyun 2022-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf Liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhid övladlarının ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2 000 manat təsis edilib. Cari günədək 47 şəxsə 2 000 manat vəsait köçürülüb”.
Gülşən Şərif