!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil kreditinin verilməsində müəmmalı məqam: "Digər banklar və sığorta şirkətləri prosesə buraxılmır"

!Reklam – Yazi

“Bütün prosedurlar şəffaf, açıq və hesabatlı olmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu təhsil tələbə kreditinin verilməsində müvəkkil bank və sığorta şirkəti kimi Kapital Bank və Paşa Həyat-ın seçilməsini dəyərləndirən iqtisadçı Samir Əliyev bildirib.

Onun sözlərinə görə, xidmət üçün cəmi bir bank və bir sığorta şirkətinin seçilməsi risklidir. Bu, gələcəkdə kreditlərin maliyyələşdirilməsində fasilələr yarada bilər:

“Birincisi, reytinq uyğunsuzluğunun yaranması riskidir. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın 6.2.5-ci maddəsinə əsasən, müvəkkil bankın kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olmalıdır. Hazırda müvəkkil bank olan Kapital Bankın reytinqi ölkə üzrə verilmiş reytinqdən maksimum səviyyədə – iki pillə aşağıdır. Həm “Moody`s”, həm də “S&P” reytinqləri üzrə fərq 2 pillədir. Fərz edək ki, sabah bu reytinq agentlikləri Azərbaycanın reytinqini bir pillə qaldırdılar və ya müvəkkil bankın reytinqini bir pillə aşağı saldılar. Bu, o deməkdir ki, qanunvericiliyin tələblərinin təmin olunması üçün bütün əməliyyatlar dayandırılaraq yeni müvəkkil bank müəyyənləşdirilməlidir.

İkincisi, müvəkkil bankın ləğv edilməsidir. Adıçəkilən Qaydanın 6.9-cu maddəsinə görə, müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir. Əgər nəzəri olaraq bu hal baş verərsə, həmin maddəyə görə ilk növbədə sığortalanmış əmanətlər, sonra ləğvedicinin pulu, daha sonra bədən xəsarəti almış bank işçilərinin vəsaitləri, dövlət büdcəsinə ödənişlər icra edilir. Əgər pul qalarsa, daha sonra Fondun pulları qaytarılır. Belə olan halda milyonlarla vəsaitin taleyi sual altına düşür”.

İqtisadçı hesab edir ki, risklərin diversifikasiya olunmaması məsələsi də var. Bura bankın və sığorta şirkətinin eyni qrupa daxil olması daxildir:

“Həm Kapital Bank, həm də Paşa Həyat şirkəti Paşa Holdinq Qrupuna daxildir. Bu isə risklərin diversifikasiya olunmaması baxımından arzuolunan hal deyil. Hər bir halda Sahibkarlığın İnkişafı Fondu, İpoteka Fondu və digər institutlar vasitəsilə reallaşdırılan maliyyələşmə mexanizmlərinə çoxlu sayda müvəkkil banklar və sığorta şirkətləri cəlb edilib. Bu, təcrübə bizdə var. Bəs bu halda niyə indi digər banklar və sığorta şirkətləri prosesə buraxılmır? Söhbət vergi ödəyicilərinin, Azərbaycan vətəndaşlarının pullarının taleyindən gedir. Bütün prosedurlar şəffaf, açıq və hesabatlı olmalıdır. Əks halda son vaxtlar hökumətin elan etdiyi “ağarma” siyasəti şüarçılıqdan uzağa getməyəcək”.

Gülşən Şərif

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv