Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Təhsil müəssisələrindəki ixtisaslarla bağlı - Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib.

“İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr (startaplar) həyata keçirməli, hami təşkilatlar layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasını, layihələrin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini təmin etməli, hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə (o cümlədən startap fəaliyyətinə) nəzarət mexanizmini asanlaşdıran internet portalını yaratmaq, sərəncamın icrasına nəzarət isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sərəncamda deyilir ki, müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.

Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilib. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edib.

Daim yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir.

www.yenicag.az

2281