Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
Yenicag.az xəbər verir ki, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamənin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması üzrə səlahiyyətlərini Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti həyata keçirəcək.
Bu ali təhsil müəssisələrinin strukturun təsdiq edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi üzrə səlahiyyətlərini tabeliyində dövlət ali təhsil müəssisələri yaradılan icra hakimiyyəti orqanları həyata keçirəcəklər. İndiyə qədər qüvvədə olan Nizamnaməyə əsasən isə ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilib. Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş ali təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunub və təsisçisi (prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq olunub.