Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Təhsil naziri ilə görüşdü, icra başçısı işdən azad edilməsi əmrini verdi - Şikayət

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şamoy Çobanov adına Ağköynək kənd orta ümumtəhsil məktəbinin 27 illik müəllimi Rəhimova Səlminaz Məmməd qızı təhsil naziri ilə görüşüb, ona şifahi və yazılı şikayətlərini bildirdiyi üçün Qazax rayon İcra Hakimiyətinin başçısı Rəcəb Babaşov onun işdən azad edilməsi barədə tapşırıq verib.

Yenicag.az-a şikayət ərizəsi ilə müraciət edən Səlminaz Rəhimova bildirib ki, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun Ağstafa şəhərində keçirilən 24 may 2019-cu il tarixli qəbulunda olub.

O, qəbulda Qazax rayonu, Ağköynək kənd məktəbində baş verən qanunsuzluqlar, neqativ hallar barədə Təhsil Naziri Ceyhun Bayramova həm yazılı qaydada, həm də ətraflı şəkildə şikayətini çatdırıb.

Səlminaz Rəhimovanın işdən çıxarılma təhlükəsi isə məhz bundan sonra yaranıb.

Səlminaz Rəhimova başına gələnlərlə bağlı bunları deyib:

“30.05.2019-cu il tarixdə Qazax rayon İcra Hakimiyyətinə dəvət olundum. Qəbulda gördüm ki, mənimlə bərabər Qazax şəhər məktəblərinin direktorları, İH-nin bir neçə işçisi və “İşçi Qrupu” deyilən qrupun müəllimləri də oradadırlar. Qəbul başlayan kimi Qazax rayon İcra Hakimiyyətinin başçısı mənim ünvanıma sərt şəkildə ittihamlar səsləndirdi. O, mənim Qazax təhsilini ləkələdiyimi bildirdi. İcra başçısı Rəcəb Babaşov yüksək tonla dedi ki, “kimsən ki, nazirin qəbuluna getmisən? Direktorsan, zavuçsan, kimsən?” Mən isə müəllim olduğumu dedim. Eyni zamanda Rəcəb Babaşov bildirdi ki, “Məktəb direktorları mənim canlarımdır, mən nə qədər ki başçıyam, onlar direktor kimi işləyəcəklər”.

Daha sonra Rəcəb Babaşov Qazax rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlıya göstəriş verərək, bildirdi ki, “get, sabah Pedoqoji Şuranın iclasını çağır, müəllimə Səlminaz Rəhimovanı işdən çıxart”. Eyni zamanda direktor Səfurə Rəhimovaya tapşırdı ki, “müəlliməni məktəbə buraxma”.
Buna iradımı bildirdikdə mənə dedi ki, “get, hara, kimə istəyirsən, ona da şikayət elə”.

Bütün bunlar İcra Hakimiyyətinin müşahidə kameralarında silinməyibsə, vardır”.

İşdən çıxarılma təhlükəsi olan Səlminaz Rəhimova haqqını müdafiə etdiyi üçün başına bu oyunların gəldiyini vurğulayıb. O qeyd edib ki, 27 illik əmək fəaliyyəti dövründə bir dəfə də olsun intizam tədbiri almadığı halda 31 may 2019-cu il tarixdə Qazax rayon İcra Hakimiyətinin başçısı Rəcəb Babaşovun 30 may 2019-cu il tarixli təxminən saat 16:00 tarixli göstərişləri əsasında müəllimlik vəzifəsindən azad olunacaq və bu barədə ona müvafiq əmr veriləcək.

Səlminaz Rəhimova Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramova müraciət edərək, bu məsələnin dərindən araşdırılmasını, qanuni tədbirlər görülməsini xahiş edib.

Səxavət Məmməd

www.yenicag.az

4687