“Təhsil naziri ilə onun müavininin bəyanatlarının üst-üstə düşməməsi özlüyündə bir faciədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar orta və ali məktəblərdə tədrisin martın 27-nə kimi dayandırılması səbəbindən keçilməyən dərslərin necə kompensasiya ediləcəyinə dair təhsil nazirinin müavinlərinin ziddiyyətli mövqelərinə münasibət bildirən təhsil eksperti Elşən Qafarov deyib.
Azərbaycanda qeyd olunan səbəbdən tədrisin dayandırılmasından sonra keçilməyən dərslərin necə kompensasiya ediləcəyi məsələsi xeyli aktuallaşıb.
Bu barədə bir neçə gün əvvəl açıqlama verən təhsil nazirinin müavini İdris İsayev bildirmişdi ki, ölkənin ali və orta ümumtəhsil məktəblərində tədrisin dayandırılması fonunda keçilməyən dərslər tədris müddətinin uzadılması yox, əlavə dərs saatlarının salınması hesabına kompensasiya ediləcək.
Lakin bu gün – martın 12-də təhsil nazirinin müavini Firudin Qurbanov ali məktəblərdə tədris ilinin müddətinin 15 gün uzadılması barədə əmr imzalayıb.
Təhsil nazirinin iki müavininin eyni məsələyə fərqli mövqelərdən yanaşması Nazirlikdə ciddi koordinasiya probleminin olduğunu göstərir.
Bu haqda danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, koronavirus məsələsi ölkənin təhsil sistemində idarəetmənin ürəkaçan olmadığını bir daha nümayiş etdirdi:
“Təhsil naziri ilə onun müavininin verdiyi bəyanatlar bir-birindən fərqlidir. Təhsil naziri Ceyhun Bayramov qəti şəkildə bildirmişdi ki, ali və orta ümumtəhsil məktəblərində dərs ilinin uzadılmasından söhbət gedə bilməz.
Nazir dərslərin keçilməməsi ilə əlaqədar yaranmış boşluğun qismən bərpa edilməsi üçün videodərslərdən istifadə olunacağını bildirmişdi. Lakin təhsil nazirinin müavininin imzaladığı bu əmr təəccüb doğurmaya bilməz. Belə çıxır ki, Təhsil Nazirliyində koordinasiyalı iş yoxdur”.
Qeyd edək ki, təhsil nazirinin müavini Firudin Qurbanovun imzaladığı əmrə əsasən, bu il ali məktəblərdə dərslər mayın 30-da deyil, iyunun 15-də başa çatacaq. İmtahanlar isə iyunun 15-də başlayacaq, iyulun 13-də yekunlaşacaq.
Gülşən Şərif