“Yeni “Elektron məktəb” sisteminin hansı şirkət tərəfindən hazırlanması haqqında açıqlama verilməyib”.
Yenicag.az xəbər verir ki, bunu yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnalların ləğv olunması və əvəzində elektron jurnalların tətbiq olunmasına münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O. Gündüz qeyd edib ki, illər öncə on milyonlarla manat vəsait ayrılan “Elektron məktəb” layihəsinə ULTRA şirkəti rəhbərlik edirdi. ULTRA şirkəti Rumıniya istehsalı olan proqram təminatını alaraq lokallaşdırmışdı. Sonralar bu proqramın kodlarının çox çətinliklə Rumıniyadan alındığı bildirilsə də, layihəni reallaşdırmaq mümkün olmadı və “Elektron məktəb” layihəsi iflasa uğradı:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən ildən bu prosesə başlandığını, 94 məktəbdə elektron jurnal xidməti tətbiq olunduğunu bildirib. Nazirlik də “Elektron məktəb” platforması üzərində işlər aparıldığını bildirib. Təhsil Nazirliyi tərəfindən bu tip rəsmi açıqlamalar hələ 10-15 il əvvəl də verilmişdi. O zaman, “2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 40-dan çox məktəbin “Elektron məktəb” sisteminə qoşulduğu bildirilmişdi. 2015-ci ildə isə 200-dən çox məktəbin bu sistemə qoşulması haqqında rəsmi açıqlamaları indi də internetdə tapmaq olar. O zaman valideynlər üçün də “SMS Gündəlik”, “Elektron Gündəlik” sistemlərindən istifadə edildiyi bildirilirdi. Lakin sonda heç bir nəticə əldə olunmadı”.
Osman Gündüz hesab edir ki, Təhsil Nazirliyinin açıqlaması sözügedən elektron məktəblə bağlı hər şeyin yenidən, sıfırdan başlanacağını göstərir:
“Monitorinq onu göstərir ki, Təhsil Nazirliyi elektron məktəblə bağlı bütün prosesləri, məktəbin idarə edilməsini, şagirdlərin qiymətləndirilməsini, valideyn-məktəb münasibətlərini onlayn mühitdə sürətlə yenidən qurur.
Yeni platformalar, müəllim və valideyn üçün imkanlar onlayn mühitdə hazırlanıb. Hələlik yeni “Elektron məktəb” platforması tam başa çatdırılmayıb. Yeni “Elektron məktəb” sisteminin hansı şirkət tərəfindən hazırlanması haqqında açıqlama verilməyib.
Ümid edirəm ki, bu dəfə sistem daha dayanıqlı olacaq və oturuşa biləcək.
İnanıram ki, bu dəfə Nazirlik sistemin ilkin kodlarının, yekun rəqəmsal məhsulun mülkiyyət hüququnun kimə məxsus olmasını da zamanında həll edə biləcək. Cari ildə daha 215 məktəbin yeni qurulan “Elektron məktəb” platformasına qoşulması nəzərdə tutulub”.
Gülşən Şərif