Təhsil sistemində boşluqlar: “Bu sahədə tənzimləmə mexanizmi yoxdur”

“Məktəbi sadəcə direktorun və sinif rəhbərinin ağlı ilə idarə etmək mümkün deyil”.

Bu sözləri ötən il 425 məktəbli qızın ana olmasına münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil sistemində mövcud olan boşluqlar şagirdlərin düzgün təhsil almasına mane olur:

“Məktəbli qızların ana olmasında günahkar indiki təhsil sistemidir. Bununla yanaşı, bu gün valideynlərin maarifləndirilməsinə də ciddi ehtiyac var. Əksər valideynlər arzuolunan səviyyədə deyil. Şəxsiyyətin formalaşmasına təsir edən ailə, məktəb, mühit və alınan informasiyalar kimi dörd mühüm amil var. Təəssüf ki, bu gün ailələrimizdə gərginlik olduqca yüksək səviyyədədir. Əgər 100 nikaha qarşı 30 boşanma faktı düşürsə, bu, ailələrdə mübahisələrin ikiqat olduğunu göstərir. Bu gün ailə uşaqlarını arzuolunan səviyyədə tərbiyələndirmək gücündə deyil.

Hazırkı mühit 30-40 il bundan əvvəlki kimi deyil. Əvvəllər alınan informasiyalar uşağın tərbiyəsində mühüm rol oynayırdı. Bu gün mənəvi dəyərləri aşılayan kitablar yox səviyyəsindədir. İnsanlar sosial şəbəkələrdən daha çox informasiya ala bilirlər. Bu sahədə tənzimləmə mexanizmi yoxdur. Cəmiyyətdə elə bir vəziyyət yaranıb ki, mənəvi dəyərlər sıxışdırılıb və arxa plana salınıb. Yeganə ümidimiz təhsil sistemidir. Bu gün təhsil müəssisələrində təhsil mühiti yoxdur. Bu isə məktəblərdə sosial iş xidmətinin olmamasından qaynaqlanır. Məktəbi sadəcə direktorun və sinif rəhbərinin ağlı ilə idarə etmək mümkün deyil. Məktəblərdə elmin köməyindən istifadə edilməlidir”.

Gülşən Şərif