Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil şöbələrinin sui-istifadə etdiyi qərar - Ekspert rəyi

“Azərbaycan Respublikası Konstitusiyasının və təhsil haqqında qanunun tələblərinə görə dövlət bütün məktəbyaşlı vətəndaşların təhsilini təmin edir. Heç bir halda onların bu hüququnun məhdudlaşdırılması həyata keçirilə bilməz”

Bu sözləri Yeniçağ.az-a məktəblərdə 10-11-ci siniflərin ləğv olunmasına münasibət bildirərkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında, bundan əlavə digər qanunvericilik aktlarında orta məktəblərin təmayüllü siniflər halında təşkili hələ 2009-cu ildən sonra məlum idi:

“Bu təhsil alanların maraqlarına uyğun olaraq, təhsilini davam etdirmək üçün nəzərdə tutulub. Lakin bildiyiniz kimi, regionlarımızda bir çox məktəblər var ki, onlarda 10 və 11-ci siniflərdə şagird sayı 3-4 nəfərdən ibarətdir. Əlbəttə ki, bu say həddi normal tədris prosesini həyata keçirtmək üçün yetərli deyil. Buna görə də, bəzi məktəblərin, yəni yuxarı siniflərdə şagird sayı az olan məktəblərin yaxınlıqda yerləşən digər məktəblərlə birləşib, 10-11-ci sinifləri təşkil etməsi həyata keçirilə bilər. Amma bu zaman da məktəbin yerləşdiyi ərazi, nəqliyyat və digər məsələlər ciddi şəkildə araşdırılacaq”.

Kamran Əsədovun sözlərinə görə, təəssüflər olsun ki, bir çox rayon təhsil şöbəsi bu qərardan sui-istifadə edir:

“Nəticələri yüksək olan məktəblərin qeyri-rəsmi formada 9 illik elan olunması haqqında əsassız məlumatlar yayıb, insanlarda çaşqınlıq yaradırlar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, indiyə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hansısa məktəbin bağlanması, tədris formasının dəyişdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Bu proses hal-hazırda 182 orta məktəbdə pilot layihə çərçivəsində həyata keçirilir. Bütün ölkə ərazisində tətbiqinə isə 2017-ci ilin sentyabr ayından başlanılacaq. Lakin heç də mətbuatda yazıldığı kimi, bu, məktəblərin kütləvi şəkildə bağlanması ilə müşayiət olunmayacaq. Çünki Azərbaycan Respublikası Prezidentinin əsas məqsədlərindən biri də odur ki, təhsil bütün insanlar üçün əlçatan olmalıdır. İnsanların rahat təhsil almaları üçün bütün lazımi şərait yaradılmalıdır”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi – tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra – tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

382