“Təhsil üçün VPN-siz istifadə olunan platforma effektiv nəticələr verməyəcək” – Ekspertdən ehtiyatlı yanaşma

“Cəbhə bölgələrində yaşayan insanların birbaşa internetə qoşulması və eyni zamanda, sözügedən platformalardan rahat istifadə etmək imkanları geniş deyil”.

Bunu təhsil naziri Emin Əmrullayevin növbəti iki həftədə təhsilin onlayn qaydada həyata keçirilməsi üçün VPN-siz istifadəyə veriləcək platformaların mümkün təsirlərini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib.

Elçin Əfəndiyə görə, xüsusilə, cəbhəboyu ərazilərdə yaşayan şagirdlər məlum platformadan istifadədə zamanı müəyyən problemlərlə üzləşəcəklər:

“VPN-siz istifadə olunan platformanın gözləntiləri doğruldacağını düşünmürəm. Çünki VPN-siz olsa da, tələbə və şagirdlər yenə çətinlik çəkəcəklər. Bu çətinliyi daha çox cəbhəboyu bölgələrdə məskunlaşan vətəndaşlarımız yaşayacaq.

Həmin ərazilərdə yaşayan insanların birbaşa internetə qoşulması və eyni zamanda, sözügedən platformalardan rahat istifadə etmək imkanları geniş deyil. Bu baxımdan, nəzərdə tutulan addım uğurlu nəticələrə gətirib çıxarmayacaq.

İstənilən halda təhsilin tamamilə dayanmasından fərqli olaraq, müəyyən mənada tədrisin davam etdirilməsi təqdirəlayiqdir. Ona görə ki, buraxılan dərslər və mövzuların hamısının əvəz edilməsi vacibdir.

Yaxşı olardı ki, aidiyyatı qurumlar baş tutmayan dərslərin tədrisini 2021-ci ilin may-iyun və iyul ayının əvvəllərində həyata keçirsinlər”.

Gülşən Şərif