Təhsildə rus bölməsi XƏSTƏLİYİ: Dili bilməyənlər…

“Əmin olun, bu gün ölkədə azərbaycandilli təhsil rus bölməsindən qat-qat yüksəkdir”.

Yenicag.az xəbər verir ki, bunu övladlarının təhsil alması üçün rus bölməsini seçən valideynlərlə bağlı etirazını bildirən ictimai xadim Şəmil Sadiq Feysbuk hesabında yazıb.

 

Yazını oxuculara təqdim edirik:

“Rus bölməsi xəstəliyi bitmədi də bu ölkədə!

Hamı qanun, ədalət istəyir, demokratiya istəyir. Amma özünə gələndə əməl etmir! Məktəb yer yoxdur deyir, özəl lisey yer yoxdur deyir. Qapı-qapı düşüb tapşırtdırmağa nə ehtiyac var axı?! Dil öyrənməsini istəyirsinizsə, gedin ingilisə də, ay qurban olduqlarım! Onun üçün belə bölməyə getməyə ehtiyac yoxdur!

Əmin olun, bu gün ölkədə azərbaycandilli təhsil rus bölməsindən qat-qat yüksəkdir. Bir statistikalara baxın. DİM də qəbul nəticəsi, MİQ də müəllim qəbulundakı bal fərqinə baxın.

Sizin rus bölməsinə bu qədər meyillənməyiniz Rusiyaya qan vermək kimi bir şeydir! Sonra tütək götürüb dövləti qınayın. Bir həftədə, bəlkə, təkcə mənə birinci sinif rus bölməsi üçün 10-dan çox xahiş gəlib. Elə dostlara zəng elətdirirlər ki, adam söz tapa bilmir desin! Halbuki əksəriyyətinin ailəsində rus dili bilən belə yoxdur!”

Nəsimi Ələsgərli