Təhsildən yayınma: Problem valideyndədir, yoxsa, sistemdə…

imagesSəftər Nehmətli: “Valideynin uşağa görə cərimələnməsi onun övladının yanında gözdən salınması anlamına gəlir”

Azərbaycanda təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək.
Bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.
Maraqlıdır, belə bir qanun layihəsi nə dərəcədə məntiqlidir və onun qəbulu təhsilin keyfiyyət göstəricisinə müsbət mənada təsir edəcəkmi?

Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Səftər Nehmətli sözügedən məqama görə valideynin cərimələnməsini məntiqsizlik adlandırdı. Onun fikrincə, belə inzibatı yollarla təhsildə davamiyyəti və keyfiyyəti yüksəltmək qeyri-mümkündür: “Məcbur olub dərsə gəlməyən şagirdlərə görə valideynləri cərimələyirlərsə, deməli bununla Azərbaycanda təhsilin vəziyyətinin indiki halda çox pis olduğunu göstərmiş olurlar. İkinci bir tərəfdən, insanları maarifləndirməklə məktəbə cəlb etmək olar, inzibati xətalar, valideyni qorxutmaqla şagirdləri məktəbə cəlb etmək mümkünsüzdür. Həm də valideynin uşağa görə cərimələnməsi onun övladının yanında gözdən salınması anlamına gəlir. İnanmıram ki, normal dövlətlərdə belə addımlara gedilsin. Hər bir valideyn istəyir ki, övladı təhsil alsın. Bu gün ölkədə kifayət qədər təhsildən yayınanlar varsa, bunun problemini valideyndə yox, sistemdə axtarmaq lazımdır. Valideyn uşağını məktəbdən yayındırıbsa, bunu bir neçə səbəbdən edib. Məktəbdə təhsil sisteminin faciəli olması və şagirdin burada normal təhsil ala bilmədiyini görən valideyn övladını repetitorun yanına göndərmək üçün məktəbdən yayındırmalı olur. Qanunvericilikdə uşağın bilərəkdən məktəbdən yayındırılması ilə bağlı valideyn günahkardırsa, ona müəyyən cəzalar düşür. Ancaq bilərəkdən hansısa valideynin uşağını məktəbdən yayındırması ağlasığan deyil, məntiqli görünmür. Amma bu hal baş veribsə, deməli valideyn övladını daha keyfiyyətli təhsil almaq üçün başqa bir öyrətmənin yanına göndərir. Yəni səbəbi məktəbdə təhsilin səviyyəsilə bağlı vəziyyətin acınacaqlı olması və bu səbəbdən də valideynin övladını daha yaxşı biliyə yiyələnməsi üçün məcburən başqa yollara əl atmasında axtarmaq gərəkdir. Ona görə də burada valideyni günahlandırmaq lazım deyil. Valideynin buna görə cərimələnməsi problemdən çıxış yolu deyil. Sovet hakimiyyəti 70 il alverə qarşı mübarizə aparsa da, onun qarşısını ala bilmədi”.

ELÇİN