Təhsilə ayrılan büdcə pulları hansı istiqamətlərə yönəldilməlidir? – Ekspertdən TƏKLİF

“İndiki dövrdə bütün təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməlidir”.

Bu fikirləri 2021-ci ildə ölkənin təhsil sahəsinə dövlət büdcəsindən 3 milyard 197 milyon manat vəsait ayrılmasının nəzərdə tutulmasına və bu vəsaitin yönləndirilməsinin vacib olduğu istiqamətləri fərqləndirən təhsil eksperti Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib.

Qoşqar Məhərrəmovun sözlərinə görə, informasiya əsrində yaşadığımız üçün informasiya-kommunikasiya texnologiyalarının idarə olunmasına ciddi sərmayə qoyuluşu dövrün tələbidir:

“İyirmi birinci əsrdə artıq iqtisadiyyat təhsili deyil, təhsil iqtisadiyyatı istiqamətləndirməlidir. Çünki bu dövrün ən önəmli iqtisadi yatırımı təhsildir. Təhsilə qoyulan investisiya qısa müddət ərzində ölkənin gələcəyinə ciddi təsir edəcək nəticələr verməlidir.

Ən başlıcası, mövcud şəraitdə ümumtəhsil müəssisələri kompyuter və internetlə təmin olunmalıdır. Eyni zamanda, təhsil üçün ayrılan vəsaitin bir hissəsi müəllimlərin peşəkar inkişafına yönəlməlidir. Çünki yeni nəsil daha fərqlidir və yeniliyə açıqdır.

Bu maraq nəzərə alınmalı və gələcəyin təminatı olan müəllimləri düzgün yetişdirmək vacibdir. Bundan başqa, elektron dərsliklərin hazırlanmasına da ciddi ehtiyac var. Artıq kitablar hansısa elektron plotformalarla əlaqəli şəkildə hazırlanmalıdır”.

Gülşən Şərif

COP29