“Tək Fələstin yox, dünya da dağılsa, İranın hədəfində olan əsas ölkə Azərbaycandır” – DAK rəsmisi

“İndi də əsas bu “arqument”i dövriyyəyə buraxıblar ki, İsrailin neft tələbatının altmış faizini Azərbaycan təmin edir”.

Bu fikirləri İsrail-Fələstin toqquşması fonunda İranın Azərbaycana yönəlik düşmənçilik siyasətində səngimə olub-olmadığı haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, molla rejiminin Azərbaycana münasibətinin dəyişməsi ehtimalı sıfırın altındadır:

“Sualınıza birbaşa cavab vermək istərdim ki, İran rejiminin Azərbaycana qarşı düşmənçiliyinin ortadan qalxması istisnadır. Ona görə də, tək Fələstin yox, dünya da dağılsa İranın hədəfində olan əsas ölkə Azərbaycandır.

Yaxın Şərqdə yeni gərginliyin başlamasından bir ay keçsə də, İranın şovinist mediası, rəsmi qurumların sosial şəbəkə hesabları, vəzifəli şəxsləri Azərbaycan əleyhinə çıxışlarına ara vermirlər.

İndi də əsas bu “arqument”i dövriyyəyə buraxıblar ki, İsrailin neft tələbatının altmış faizini Azərbaycan təmin edir və Bakı-Tiflis-Ceyhan boru xətti ancaq onun maraqlarına hesablanıb.

Ancaq özlərinə hesabat vermirlər ki, axı Qəzzada minlərlə dinc sakinin həlak olması məhz onların “xidmət”idir. İsrailə buraxılan beş min raket göydən düşmədi, onları İran göndərdi. Həmişə boş-boş guruldasalar da, indi sakit oturub yerində dinc əhalinin qırğınını izləyirlər”.

A.Zeynalov

COP29