“Tək hakimiyyət deyil, müxalifət də öz məsuliyyətini dərk etməlidir” – Pənah Hüseyn

“Siyasətçilər nə qədər korrekt davransalar, siyasi münasibətlər bir o qədər normal qalar”.

Yenicag.az xəbər verir ki, xaricdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ölkə siyasətində qarşılıqlı təhqir və qəbuledilməz davranışların aradan qaldırılması zərurətini maksimum aktuallaşdırıb.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun müxalifət nümayəndələrinə ünvanladığı sensasion müraciət hakimiyyətin ölkədaxili siyasi münasibətlərini kəskinləşdirən amilləri neytrallaşdırmaq niyyəti kimi qəbul edilir.

Qeyd olunur ki, qarşılıqlı siyasi münasibətlərin gərginləşməsinə təkan verən hərəkətlərin intensivləşməsi, “qırmızı xətt”in keçilməsi artıq hakimiyyəti bu məsələyə diqqət yetirməyə sövq edib.

Bu barədə Yenicag.az-a danışan politoloq Məhərrəm Zülfüqarlı belə hesab edir ki, ölkə siyasətində yolverilməz ifadə və davranışların aradan qaldırılması üçün qarşıduran tərəflər “qırmızı xətt”i gözləməlidirlər:

“Aydın məsələdir ki, bütün məsələlərdə olduğu kimi, siyasi fəaliyyətdə də söyüş və təhqirə əl atmaq qəbuledilməzdir. Siyasi münasibətlərdə müşahidə olunan gərginliyin kökündə də məhz bu amil dayanır.

Birdəfəlik bilinməlidir ki, təhqirlə nəinki heç nəyə nail olmaq mümkün deyil, əksinə, bu, əlavə problemlərin yaranmasına yol açır.

Bildiyiniz kimi, mən özüm uzun müddət siyasi fəaliyyətlə məşğul olmuşam. Bu fəaliyyətimin əsası da siyasi rəqiblərin tənqid edilməsindən ibarət idi. Lakin heç vaxt qarşı tərəfi təhqir etməyi və ya alçaltmağı ağlımdan belə keçirtməmişəm.

Siyasət qarşılıqlı tənqiddən ibarətdir. Ancaq bu rəqabət heç bir halda təhqirə keçməməlidir. Təhqirə əl atanlar bilməlidirlər ki, bunun qarşılığını alacaqlar. O halda qarşıdurma daha da kəskinləşir və axırda məlum xoşagəlməz hadisələrlə nəticələnir.

Ona görə də ölkədəki mövcud siyasi qüvvələrin təmsilçiləri öz ifadə və davranışlarına diqqət yetirməli, ehtiyatsız söz, yaxud da hərəkətdən çəkinməlidirlər. Siyasətçilər nə qədər korrekt davransalar, siyasi münasibətlər də o dərəcədə normal qalar”.

Mövzu haqqında Yenicag.az-a açıqlama verən Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn isə bu fikirdədir ki, siyasi münasibətlərin normallaşmasında əsas iş hakimiyyətin üzərinə düşür:

“Ölkə siyasətindən söyüş elementlərinin birdəfəlik yığışdırılması hakimiyyətdən, hakim siyasi qüvvədən asılı olan məsələdir. Hakimiyyətyönlü fiqurlar bu məsələdə öz məsuliyyətlərini başa düşməlidirlər.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, siyasətdə söyüş elementlərinin artması sadəcə, siyasi rəqabətin kəskinləşməsi ilə bağlı deyil. Bunun ciddi sosial, psixoloji və əlbəttə ki, siyasi kökləri var.

Hakimiyyət həmin səbəbləri özü üçün aydınlaşdırıb, nəticə çıxartmalıdır. Belə olarsa, siyasi münasibətlərin tədricən sivil məcraya qayıtması çətin olmaz.

Hamı bilməlidir ki, siyasi rəqibin “vurulması”, sıradan çıxarılması üçün onun ailə üzvlərini – istər vəfat edən, istərsə də yaşayan – qətiyyən hədəfə götürmək olmaz. Vidadi İsgəndərlinin məsələsində bunun necə əks-effekt verdiyini hər kəs gördü.

Mən məsuliyyətli davranış deyəndə, bunu müxalifətə də aid edirəm. Hakimiyyətyönlü düşərgənin nümayəndələri kimi, müxalifətçilərin də bu məsələdə ölçülü-biçili davranmaları lazımdır.

Ancaq yenə o fikrimə qayıdıram ki, siyasətin çirkin elementlərdən təmizlənməsi və siyasi münasibətlərin normallaşdırılması birbaşa hakimiyyətdən asılı olan məsələdir”.

A. Zeynalov

COP29