Təkfirçi, terrorist, müxalifətçi, kostyumlu lider, yoxsa proyekt? – əl-Şaraa və ailəsinin bilinməyənləri – Rəfi Müslümov yazır
Suriyada hazırda de-fakto hakimiyyəti idarə edən Əhməd əl-Şaraa (əl-Qolani) və onun ailəsi Suriya siyasətinə yad deyil. Ailənin kökü İsrailin işğalı altında olan Qolan təpələrindən gəlir. Məhz bu səbəbdən Əhməd əl-Şaraa “əl-Qolani” təxəllüsünü qəbul edib. İsrailin işğalından sonra isə onlar Dera əyalətinə köçüblər.
Əhməd əl-Şaraanın atası Hüseyn əl-Şaraa BAAS hakimiyyəti dövründə həbs edilib və daha sonra Ər-Riyada köçmək məcburiyyətində qalıb. O, burada neft mühəndisi və iqtisadçı kimi fəaliyyət göstərib. Hüseyn əl-Şaraa coğrafiya müəllimi ilə ailə həyatı qurub və eyni zamanda, neft sektoru üzrə ixtisaslaşmış mütəxəssis kimi tanınıb. Hüseyn əl-Şaraanın yaxın qohumu Fərrux əl-Şaraa isə Suriyanın ən mühüm siyasi fiqurlarından biri olmuşdur. O, Hafiz Əsəd və Bəşər Əsədin hakimiyyətinin ilk dövrlərində Xarici İşlər Naziri və daha sonra vitse-prezident vəzifələrində çalışıb.
Fərrux əl-Şaraa həmçinin Hafiz Əsəd dövründə Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuşdur. O, 1984-cü ildən 2006-cı ilə qədər bu vəzifədə çalışmış və daha sonra vitse-prezident kimi fəaliyyətini davam etdirmişdir. Fərrux əl-Şaraa sünni elitasının əsas nümayəndələrindən biri hesab olunur. O, Suriyanın Qərb dövlətləri ilə əlaqələrində mühüm rol oynamış, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Madlen Olbrayt ilə yaxın münasibətləri olmuşdur.
Bununla yanaşı, o, İranla münasibətlərin tənzimlənməsində də mühüm rol oynamışdır. Ruhulla Xomeyninin dəfn mərasimində Suriyanı təmsil etmiş və İranın keçmiş prezidenti Əli Əkbər Rəfsəncani ilə yaxın əlaqələr qurmuşdur. Ümumiyyətlə, əl-Şaraa ailəsi ərəb millətçi dəyərlərini təmsil edən və yüksək təhsil almış bir ailə kimi tanınır. Ailə üzvləri iqtisadi biliklərə malik olmaqla yanaşı, Suriyanın siyasi həyatında da əhəmiyyətli rol oynamışlar. Əhməd əl-Şaraa ərəb dili üzrə akademik biliklərə sahibdir və bu sahədə müəllimlik edir.
Onun keçmişdə “əl-Qaidə”, habelə İŞİD-lə bağlarının olması, eləcə də təkfirçi terrorist imajının bir anda legitim dövlət başçısı simasına dəyişdirilməsi əl-Qolaninin personası ətrafında müzakirələri bir xeyli genişləndirir. Hazırda əsas məsələlərdən biri budur ki, cübbəni kostyuma dəyişən əl-Şaraa rəhbərlik etdiyi ölkəni də Qərb standartlarına uyğun formalaşdırmaq niyyətindədir. Onun hansısa simaya bürünüb sonda Suriyanı Əfqanıstan modelinə çevirəcəyi inandırıcı görünməsə də, keçmişinin kölgəsinin əl-Qolanini qarabaqara izlədiyi məlumdur.