“Prosesin necə getdiyi və hansı nəticə ilə yekunlaşacağı haqda heç nə bilmirik”.
Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyat prosesinin mövcud mərhələsini dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, MMP də, digər partiyalar da dövlətin təkrar qeydiyyatla bağlı cavabını gözləyir:
“Bu məsələ barəsində nə demək olar? Siyasi partiyaların fəaliyyətini nizamlayan qanun dəyişib və bu proses də onun əsasında aparılır. Yəni partiyalar onlardan tələb olunan sənədləri toplayıb veriblər. Hansı partiyanın yetərli sayda üzvü varsa, qeydiyyata alınacaq.
Prosesinin necə getdiyi və hansı nəticə ilə yekunlaşacağı haqda heç nə bilmirik. Partiyaların əksəriyyətinin ilk cəhddən qeydiyyata alınmamasında şəxsən mən heç bir süni maneə görmürəm.
Təkrar qeydiyyat məsələsində süni maneə yaratmaq kimin nəyinə lazımdır? Məncə, proses qanuna uyğun keçəcək. Onsuz da yaxın günlərdə bu işlərə aydınlıq gələcək. Hələ ki, bu məsələlərlə maraqlanmırıq. Gözləyək, görək, necə olur”.
A.Zeynalov