“Bütün ölkələrdə yüksək məbləğdə birdəfəlik və aylıq uşaqpulu verilir”.
Bu sözləri ölkədə uşaqların hüquqlarının müdafiəsi məsələsinə toxunan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqpulu məsələsinin müzakirəsi və öz həllini tapması arzuolunandır:
“Məlumdur ki, 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Əslində uşaqların hüquqlarının müdafiəsi deyəndə əksəriyyət uşağın valideynlərdən qorunması kimi başa düşür. Bu yanaşma doğru deyil. Çünki uşaqların təhsil, sağlam qidalanmaq, normal evdə yaşamaq, tibbi xidmətlərə əlçatanlığı və s. kimi hüquqları var. Demək olar ki, bütün ölkələrdə yüksək məbləğdə birdəfəlik və aylıq uşaqpulu verilir. Təəssüf ki, ölkəmizdə bu qərar ləğv olunub. Bu gün sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqlara aid paylaşımlara sıx rast gəlinir. Cəmiyyət olaraq həmin uşaqları çətin vəziyyətdən çıxarmağa çalışırıq. Əgər uşaqpulu verilərsə, həmin uşaqlara da dəstək olar”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.
Gülşən Şərif