Tibb Universitetində tələbələrin istəyi ilə dərs saatları dəyişdirilib.
Universitetdən Yenicag.az-a verilən məlumata görə, rektorun tələbələrlə görüşü zamanı çox səslənən təkliflərdən biri həllini tapıb.
Belə ki, Elmi Şuranın qərarına əsasən, universitetdə dərslərin saatları dəyişdirilib. Bundan sonra I dərs saat 08:30-10:00 arasında, 15 dəqiqə fasilədən sonra II dərs saatı 11:15-11:45 arasında olacaq. 45 dəqiqə fasilədən sonra III dərs saat 12:30-14:00 arasında və 15 dəqiqəlik fasilədən sonra sonuncu IV dərs 14:15-15:45 arasında olacaq.
– Bundan əlavə, 2019/2020-ci tədris ili üçün tədris işçi planına dəyişiklik edilib. I kurs tələbələri üçün kredit sayı azaldılıb, iki semestrdə tədris olunan fənlər birləşdirilərək bir semestrdə tədris olunması qərara alınıb.
– Qərara əsasən, I kurs tələbələri üçün fənlər fakültələr üzrə növbəli tədris olunacaq. Növbəti tədris ilində universitetin ayrı-ayrı fakültə və kurslarında tədris yeni iş rejimində aparılacaq.
– 2019/2020-ci tədris ilindən etibarən rektorun qəbul prosesində dəyişiklər olacaq. Belə ki, növbəti tədris ilində rektorun qəbul günləri Bazar ertəsi və Cüməaxşamı günləri saat 15:00 – 17:00 arasında həyata keçiriləcək. Qəbul yalnız və yalnız öncədən qeydiyyat aparılmaqla keçiriləcək. Qəbula müəllimlər, tələbələr və vətəndaşlar yazıla bilərlər. Öncədən qeydiyyatdan keçməyən şəxslər qəbula buraxılmayacaq.
– Elmi Şuranın qərarına əsasən, Fizika və informatika kafedrasının adı dəyişdirilərək “Tibbi və bioloji fizika” kafedrası adlandırılması, Ftiziatriya kafedrasının adı dəyişdirilərək, “Ağciyər xəstəlikləri” adlandırılması qərarı verilib.