Tələbələrə sırınan LAZIMSIZ İXTİSASLAR: “Universitetlərdə və texnikumlarda bu problem qalmaqdadır” – EKSPERT

“Ümid edək ki, tədris prosesinə əlavə olunacaq ixtisaslar seçilərkən, texnologiya dövründə yaşadığımız nəzərə alınacaq”.

Bu il peşə təhsili üzrə ixtisasların Təsnifatının yenilənməsi gözlənilir. Belə ki, peşə təhsilinə yeni ixtisaslar gətirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sayəsində köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq.

İxtisaslarla bağlı nəzərdə tutulan dəyişikliklərin mümkün nəticələrini Yenicag.az-a dəyərləndirən təhsil eksperti Adil Vəliyev bildirib ki, universitet və texnikumlarda əmək bazarının tələblərinə cavab verməyən ixtisaslar hələ də tədris olunmaqdadır:

“Təəssüf ki, universitetlər və texnikumlara yeni ixtisaslar əlavə olunanda, əmək bazarı araşdırılmır. Nədənsə, müvafiq araşdırma aparmaq heç kimin marağında olmur. Sadəcə, plan yerlərinin dolması düşünülür.

Lakin prezident İlham Əliyevin yeni təhsil naziri Emin Əmrullayevə ixtisaslar barədə verdiyi tapşırığın qısa zamanda müsbət dəyişikliyə yol açacağına ümid etmək olar.

Ölkəmizdə işsizlikdən əziyyət çəkən kifayət qədər insan var. Bu şəxslər arasında ali təhsilli olanların da sayı az deyil. Əgər ali təhsilli bir şəxs iş tapmaqla bağlı problemlə üzləşirsə, bu halda texnikumdan məzun olan şəxslərin ixtisasından asılı olmayaraq, iş tapması daha çətindir”.

Təhsil ekspertinin fikrincə, mövcud vəziyyətdə universitet və texnikumlarda tədris olunan ixtisasların əksəriyyəti günün tələblərinə uyğun deyil:

“Məlumdur ki, ötən ildən etibarən, diplomunda subbakalavr yazılan bütün texnikum məzunları öz ixtisasları üzrə universitetə imtahansız sənəd verə bilirdi. Lakin bu zaman əksər ixtisasların yararsız olduğu üzə çıxdı. Çünki mövcud ixtisaslarımız ən yaxşı halda 15-20 il əvvəl müəyyən olunub və müasir dövrdə həmin ixtisaslara tələbat yoxdur.

Bu hal universitetlər üçün də keçərlidir. Hazırda qida mühəndisi, geologiya, genetika mühəndisi və başqa ixtisaslarla bağlı müəllim çatışmazlığı hökm sürür. Eyni zamanda, bu sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə də ehtiyac var.

Ümid edək ki, tədris prosesinə əlavə olunacaq ixtisaslar seçilərkən, texnologiya dövründə yaşadığımız nəzərə alınacaq. Beləliklə, Azərbaycan və dünyanın əmək bazarının tələbatına uyğun ixtisaslar müəyyən olunar”.

Gülşən Şərif

COP29