Tələbələri ailələrindən ayrı salan “uçan” qiymətlər: “Bu, AZAL-ın büdcəsinə elə də ciddi təsir etməyəcək”
Türkiyədə baş verən zəlzələdə vəfat edən tələbələrdən birinin valideyni bildirib ki, təyyarə biletinin qiyməti baha olduğuna görə oğlu Azərbaycana gələ bilməyib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və əksəriyyət AZAL-ı tənqid edib.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, AZAL tələbələrə güzəştlə bağlı endirim tarifləri tətbiq etməlidir:
“Qonşu dövlətlərdə təyyarə biletlərinin qiymətində tələbələrə müəyyən güzəştlər tətbiq olunub. İstanbulda tələbələr üçün xüsusi endirimlər nəzərdə tutulub. Bundan başqa, muzeylərə və müxtəlif tədbirlərə giriş tələbələrə böyük endirimlə təqdim olunur. Eyni zamanda şəhər daxilində nəqliyyat vasitələrində müəyyən təbəqələrə xüsusi kartlar verilir. Vətəndaşlar həmin kartlar vasitəsilə güzəştlərdən yararlana bilirlər.
Ölkənin gələcəyinin olması tələbənin mövcud vəziyyətindən asılıdır və bu, çox ciddi məsələdir. Ölkəmizdə də tələbələr üçün müxtəlif tədbirlər keçirilir. Son dövrlər xaricdə təhsillə bağlı keçirilən müsabiqələr bir çox gənclərimiz üçün şans yaradıb. Ancaq yenə də əlavə tədbirlərə ehtiyac var. Tələbələrin vəziyyəti nəzərə alınaraq, xüsusi endirimlər olmalıdır. Xaricdə təhsil alan tələbələrlə yanaşı, onları baş çəkməyə gələn yaxın adamlarına da endirimlər tətbiq olunmalıdır. Təyyarə biletlərinin qiymətinin yüksək olması ailə büdcəsinə ciddi problem yaradır.
Bu gün ölkəmizdə minimum əməkhaqqı 345 manatdırsa, biletin qiyməti də təxminən bu məbləğə bərabərdir. Valideynlər ən azı ildə bir dəfə imtiyaza malik olmalıdır ki, övladlarını ziyarət edə bilsinlər. AZAL bu istiqamətdə müəyyən tədbirlər planı hazırlamalı və tələbələrlə bağlı hər hansısa tarif tətbiq olunmalıdır. Bu tarif AZAL-ın büdcəsinə elə də ciddi təsir etməyəcək. Çünki tələbələr adına atılan addımlar ölkəmizin gələcəyinə qoyulan investisiyadır. Ona görə də tələbələrə və onların yaxınlarına güzəştlər tətbiq olunmalıdır”.
Gülşən Şərif