Nazirlikdən tələbələrlə bağlı mühüm QƏRAR

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.

Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.

Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib.

Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir.

Aşağıdakı posterlər və müvafiq link vasitəsilə yeniliklərlə ətraflı tanış ola bilərsiniz: https://shorturl.at/ilwTV

COP29