Teledərslərin vaxtının az olmasının SƏBƏBİ

Təhsil Nazirliyi tədrisin dayandırılması ilə əlaqədar keçirilən teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib ki, onlara da teledərslərdə proqramların 10-15 dəqiqə ərzində keçirilməsi ilə bağlı müraciətlər edilir:

“Ənənəvi dərslərdə 45 dəqiqə müəllimin izahatından, şagirdlərin müzakirələrindən, qrup işlərindən və s.-dən ibarət olur. Ancaq son zamanlar aparılan təhsil islahatları nəticəsində tədris prosesində daha çox şagirdlər iştirak edir. Ümumi araşdırmamızın nəticəsinə görə, müəllim bir dərsdə yeni mövzunu təxminən 10-12 dəqiqəyə izah edir. Qalan vaxt şagirdlərin müzakirələri, qrup işləri və s.-yə sərf edilir”.

O.Abbasov əlavə edib ki, martın 3-dən ölkədəki bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Ancaq buna baxmayaraq, Təhsil Nazirliyi tərəfindən verilən operativ qərarla martın 11-dən teledərslər keçirilir.

O, Təhsil Nazirliyinin bütün valideynlərə övladlarının teledərslərə baxmasını təmin etməyi tövsiyə etdiyini də xatırladıb.

COP29