“Telefonda mənə dedi ki…” – Şəhid Cabbarın atası danışdı

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Cabbar Firuddin oğlu Zeynalov şəhid olub.

Yenicag.az xəbər verir ki, 1999-cu il təvəllüdlü şəhidimiz doğulduğu Saatlı rayonunun Heydərabad kəndində dəfn olunub.

Şəhid Cabbarın atasının kəndli qiyafəsində sosial şəbəkələrdə yayılan ürəkdağlayan fotosu da çox danışıldı, çox müzakirə olundu.

Ölkə.az saytına açıqlama verən, Firuddin Zeynalov oğlunun şəhid olmasına görə fəxr etdiyini bildirib: “Özüm traktorçuyam. Elə iş geyimində də oğlumu dəfn etdim. Mən gedib əynimi dəyişməyəcəkdim ki…

Komissarlıqdan qardaşıma zəng vurmuşdular. Telefonum sönülü idi. Qardaşım gəlib dedi ki, Cabbar yaralanıb. Soruşdum, dedi ki, ayağından vurublar. Mən sahədə iş görürdüm. Sonradan bildim ki, Cabbar şəhid olub. Fəxr edirəm ki, uşağım vətən yolunda şəhid olub. Çox istəkli uşaq idi. Onun kimi zirək uşaq bəlkə də bizim nəsildə yox idi. Telefonla danışanda mənə dedi ki, gözlə, özüm gəlib nə iş lazımdırsa, görəcəyəm. Dedi, sən yaşlanmısan, əsgərlikdən qayıdım, qalan işləri özüm görəcəyəm.  Biz ata-bala deyildik, həm də dost idik. Bu mənimçün həm də dost itkisidir”.

COP29