Telekanalların “DUBLYAJ ZİBİLLİYİ”: Türkiyə filmləri də normal “tərcümə” edilmirsə… – Aqil Bəkir yazır

Azərbaycan teleməkanında dublyaj sahəsinin mövcud durumu tragikomik təyini ilə ifadə oluna bilər. 

Dublyaj sahəsindəki çatışmazlıqlar zaman-zaman tənqid obyektinə çevrilsə də, Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçən il qəbul etdiyi qərara əsasən, Azərbaycan telekanallarında əcnəbi serialların yayım qadağasının qaldırılması bu məsələni yenidən aktuallaşdırıb.

MTRŞ-nin qeyd olunan qərarından sonra telekanallarda yayımlanan əcnəbi serialların əksəriyyəti isə Türkiyə və Hindistan istehsalıdır. Təbii ki, Türkiyə seriallarının teleauditoriyaya dublyajda təqdim olunması cəmiyyətdə birmənalı qarşılanmır. Digər tərəfdən, Türkiyə seriallarının “tərcümə”si əksər hallarda yanlış və məzmundan kənar edilir.

Bu məsələyə sosial şəbəkə hesabından münasibət bildirən Bakı Dövlət Universitetinin (BDU) professoru Vaqif Sultanlı haqlı olaraq dünyada bir çox məşhur filmlərin dilimizə dublyaj edilmədiyi halda, Türkiyə film və seriallarının bərbad “tərcümə”də yayımlanmasını yanlış hesab etdiyini vurğulayıb. Bundan əlavə, Vaqif Sultanlı bu uyğunlaşdırmaların bəzən “eybəcər” hal aldığını da qeyd edib:

“Dünyanın yüzlərlə məşhur filmləri Azərbaycan türkcəsinə hələ də dublyaj olunmayıb. Bu filmləri başqa dillərdə izləməyə məcbur olursan. Ancaq Türkiyə filmlərini hamının anladığı halda eybəcər və yanlış şəkildə dilimizə uyğunlaşdırırlar. Nə qədər deyilir, yazılır, lənətlənir, bu məsələni yoluna qoyan yoxdur”.

Vaqif Sultanlının bu fikirləri ilə razılaşmamaq mümkün deyil. Dünyada səs gətirən filmlər, müxtəlif mükafatlara layiq görülsə də, dilimizə dublyaj “növbə”si gözləyir. Bizim telekanallarda yayımlanan Türkiyə  film-seriallarının insanda əsəb yaradan “dublyaj”ı həmin ekran əsərlərinin orijinal variantını da gözdən salır, onlara marağı öldürür.

“Əcnəbi serial” dedikdə telekanalların niyə Türkiyə seriallarına “qaçdığı” isə yəqin ki, hamıya aydındır: Onların “tərcümə”si daha asandır. Lakin bu “asanlığın” öhdəsindən də gələ bilmirlər.

Məsələn, mövzu və dünyəvilik baxımından yüksək səviyyəli “Person of İnterest”, “Lost”, “Monk” və sair bu kimi populyar televiziya serialları niyə Azərbaycan tamaşaçısına təqdim edilməsin ki?

Sözsüz, burada keyfiyyət məsələsi çox vacibdir. “Ala başına, kül başına” edilmiş tərcümə və dublyajlarla televiziyalarımızın insanın film şövqünü sındırma qabiliyyətini nəzərə alaraq bu sahəyə xüsusi diqqət ayrılmalı olduğunu deyə və tələb edə bilərik.

Nəticə etibarilə, televziyalarımızda keyfiyyətli işləri görmək haqqımızdır.

Kinoteatrlarda nümayiş olunan filmlərin dublyaj məsələsi isə tamamilə başqa mövzudur…