Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir. Hazırda ərazi polis nəzarətindədir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır.
Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.