Azərbaycanın teleradio reklamı sahəsində fəaliyyət göstərən 14 reklam agentliyi audiovizual mediada reklam bazarının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.
Milli Televiziya və Radio Şurasından Yenicag.az-a bildirilib ki, agentlik rəhbərlərinin imzaladığı Anlaşma sənədində bu sahədə mövcud problemlərin ümumi siyahısı və həmin problemlərin həlli üçün istiqamətlər müəyyənləşdirilib. Sənədə görə reklam bazarının inkişafı üçün zəruri qanunvericilik bazasının, ölçmə mexanizmlərinin və onların tətbiqi normalarının işlənib hazırlanması teleradio sahəsində tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurasından xahiş olunur. İmzalanan sənədin əsli saxlanılması üçün Şura rəhbərliyinə təqdim olunub.
Milli Televiziya və Radio Şurasının sədri reklam agentlikləri tərəfindən əldə olunmuş bu razılaşmanı müsbət qiymətləndirib və teleradio sahəsində fəaliyyət göstərən yayımçılar, operatorlar, müvafiq dövlət qurumları və mütəxəssislərlə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual media reklam bazarının inkişafı üçün zəruri olan qanunvericilik və normativ bazanın, tətbiq mexanizmlərinin yaradılması və inkişafı üzərində işə başlayacaqlarını bildirib.
Anlaşma sənədində aşağıdakılar nəzərdə tutulur:
Ölkənin ümumi inkişaf səviyyəsinə uyğun olmayan, zəif teleradio reklam bazarının olması;
Teleradio sahəsində mövcud reytinq ölçmə şirkətinin reklam bazarı iştirakçılarına keyfiyyətli xidmət göstərmək imkanının olmaması;
Müxtəlif müstəvilərdə fərqli reklam qiymət siyasətinin aparılması ilə reklam bazarında disbalansa səbəb olunması və xüsusən yerli reklam verənlər tərəfindən narazılığın mövcudluğu;
Son illərdə teleradio reklam bazarının iştirakçılarının apardığı dempinq siyasəti nəticəsində reklam bazarının daralması;
Çoxsaylı, qeyri-peşəkar, “birgünlük” şirkətlərin mövcudluğu ilə ümumən teleradio reklam bazarının bütün iştirakçılarının (televiziya və radio kanalları, reklam agentlikləri, reklam verənlər və s) zərər çəkməsi.
Yuxarıda qeyd olunan problemlərin koordinasiyalı həllinə hazır olduqlarını bildirərək, bu Anlaşma sənədi ilə tərəflər yaxın müddət ərzində fəaliyyətin əsas istiqamətlərini belə təsdiq edirlər:
Ölkəmizə müasir, beynəlxalq reklam verən şirkətlər tərəfindən qəbul olunan reytinq ölçmə şirkətinin dəvət olunmasına və ya hazırda fəaliyyət göstərən şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac yaranmışdır. Həmin şirkətin bu sahədə fəaliyyət göstərən heç bir bazar iştirakçısından (televiziya və radio kanalları, reklam agentlikləri, reklam verənlər) asılı olmamalı olduğunu nəzərə alaraq bu işin dövlətin tam və ya qismən dəstəyi ilə həyata keçirilməsini məqsədəuyğun hesab etmək.
Bu işin təşkil olunmasını, həmçinin, reytinq ölçülməsi sisteminin təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən qanunverici aktların hazırlanmasını teleradio yayım sahəsində tənzimləyici dövlət orqanı olan Milli Televiziya və Radio Şurasından (MTRŞ) xahiş etmək.
Yeni reytinq ölçmə şirkətinin fəaliyyətə başlamasından və yeni tənzimləmə normalarının tətbiqindən sonra teleradio reklam bazarının inkişafına və dayanaqlığına nail olmaq məqsədilə bu reklam bazarının universal valyuta əsasında fəaliyyət göstərməsini təmin etmək. Universal media valyuta anlayışının qanunvericilik aktlarında əks olunmasının təmin olunmasını MTRŞ-dan xahiş etmək.
Teleradio reklam bazarının şəffaflığının, peşəkarlığının təmin olunması, həmçinin, qeyri-sağlam rəqabətin və dempinq siyasətinin aradan qaldırılması məqsədilə reklam MTRŞ tərəfindən status alan “media kommersiya evləri”-nin yaradılmasını təklif etmək. “Media kommersiya evi” reklam agentliyi olmayıb, reklam bazarı iştirakçıları arasında xüsusi mövqe tutan, reklam agentlikləri ilə teleradio kanalları arasında əlaqələndirici rol oynayan halqadır. “Media kommersiya evləri”nin fəaliyyətinin əsas prinsip və istiqamətlərinin, hüquq və vəzifələrinin, həmçinin, onların tənzimlənməsi mexanizmlərinin hazırlanmasını MTRŞ-dan xahiş etmək.
Tərəflər MTRŞ-dan imzalanan bu Anlaşma sənədinin əslinin (orijinalının) saxlanılmasını və dərc olunmasını xahiş edir.