Ötən gün danışılmış oyunda şübhəli bilindiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilən, daha sonra isə sərbəst buraxılan “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidovun Yenicag.az-a verdiyi müsahibəsi ciddi rezonans doğurub. Futbolçunun “Zəif oynadım ki, “Neftçi” xal qazansın” açıqlaması birmənalı qarşılanmır.
Mirhüseyn Seyidovu azdan-çoxdan tanıyırıqsa, bilirik ki, o, belə açıqlama verən deyil. Bu, səmimi peşmançılıq da deyil. Bu, heç özünümüdafiə də deyil. Adam açıqlaması ilə rəsmən gələcək karyerasını təhlükəyə atdı. Bu açıqlamanı oxuyan hansı klub onu heyətinə qatar ki? Necə əmin ola bilər ki, futbolçu yeni klubunda da bilərəkdən “zəif oynamayacaq”?
Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, kimsə səhvə yol verirsə, bunu mətbuata etiraf edəndə özünü sudan quru çıxartmağa çalışır. Bəzi məqamları təkzib edir, bəzilərini “malalayır”, bəzilərini də ictimaiyyətə yarıdoğru- yarızarafat tərzdə çatdırır.
Amma nədənsə, Mirhüseyn buna ehtiyac duymadı. Doğrudanmı, Seyidov bilə-bilə karyerasını təhlükə altına atdı? Sizi bilmirəm, amma bu, mənim üçün inandırıcı deyil. Bir qədər dərin düşünəndə Seyidovun məcburiyyətdən belə bir açıqlama verdiyi açıq-aşkar hiss olunur. Çünki futbolçu “Zəif oynadım ki, “Neftçi” xal qazansın” açıqlaması ilə gələcək karyerasını sual altında qoyubsa, “Keşlə” rəhbərliyini tam haqlı çıxarıb.
Sözügedən açıqlamada istər-istəməz hərbə-zorba hərəkətləri ilə tanınan “Keşlə” prezidenti Zaur Axundovun hədəsinin, düyünlənmiş yumruğunun izi görünür. Necə oldu ki, Azərbaycan futbolunun iki tanınmış oyunçuları 2 gün yoxa çıxdı, bu barədə nə polisin, nə də prokurorluğun xəbəri olmadı? Sizcə, uçan quşun ayağına bağlanmış narkotikdən xəbər tutan hüquq-mühafizə orqanlarımızın Nizami Hacıyevlə Mirhüseyn Seyidovdan bixəbər olması mümkündürmü? Görünür, onlar dövlətin yox, Zaur Axundovun güc strukturları tərəfindən “saxlanılıb”, “dindirilib”, “ifadəsi alınıb” və sonda da “Keşlə”ni, xüsusən də klub prezidentini haqlı çıxaracaq açıqlamaya razı salınıb.
Aydın məsələdir ki, adıçəkilən futbolçuların “Neftçi”yə transferi məsələsi gündəmə gəldiyi üçün Zaur Axundov onların keçidinə əngəl olmaq məqsədi ilə belə bir addımı atıb. Doğrudan da səbəb budursa, onda Azərbaycan futbolu adına biabırçılıqdır, ləkədir. Biri bu adama başa salsın ki, müqaviləsinin müddətinin başa çatmasına 6 ay qalmış istənilən oyunçu digər klublarla danışıqlar aparmaq hüququna malikdir. Yox, əgər bu hüquq Zaur Axundovun cinayət əməli sayılan hallarla pozulacaqsa, kimlərsə günlərlə yoxa çıxacaqsa, deməli, bunun davamı da gələcək. İndidən Zaur Axundovu Azərbaycan futbolunun, eyni zamanda da “Keşlə”nin qoçusu adlandırmaq olar.
Zaman hər şeyin çarəsidir. Ona görə də, tələsmə, Zaur, tələsmə… Bu, sizə məlum filmdə Zaurla Təhminənin ehtirasının coşduğu anda qadının kişiyə səslənməsini xatırlatmasın. “Tələsmə, Zaur, tələsmə…” həm də Zaur Axundova məsləhətdir. Ki, bir işi görməzdən öncə yaxşı götür-qoy etsin ki, sonradan pis vəziyyətdə qalmasın. Bu, həm də hələlik danışmayan, telefonlarına zəng çatmayan Nizami Hacıyevin hədəsi də ola bilər: “tələsmə, Zaur, tələsmə…”
P.S. “Saxlanma əməliyyatı” eyni zamanda “Neftçi”yə qarşı düşünülmüş planın bir parçası da ola bilər. Çünki indiki durumda “Neftçi”nin daxilində gərginliyin yarandığına, baş məşqçi ilə rəhbərlik arasında uçurumun olduğuna dair xəbərlər dolaşır. Belə məqamda klubdaxili zəlzələ yaratmaq isə “Neftçi”də gözü olanların işinin olması şübhəsini daha da artırır. Zaur Axundova himayədarlıq edəni də, “Neftçi”yə göz dikənləri də yaxşı tanıyırıq…
Emin Səfərov