Televiziya kanallarında 6000-dən çox SƏHV – Cərimələrin tətbiqinə başlanıla bilər

Televiziyaların monitorinqi zamanı 6000-dən çox səhv aşkarlanıb.

Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, televiziyaların monitorinqinin emal prosesi başa çatıb, yaxın vaxtlarda hesabat ictimaiyyətə açıqlanacaq.

“Ümumi səhvlərin 4800-ü hesabatda əksini tapıb. Amma ən çox təəssüf doğuran məqam odur ki, bunun təxminən 1500-ü üslub səhvidir. Hər bir aparıcının özünün televiziyaya gətirmək istədiyi üslub var. Təsəvvür edin ki, televiziya qarşısında oturan tamaşaçı aparıcının üslubunda Azərbaycan dili ilə tanış olur. İkinci narahatlıq doğuran məsələ aparıcının səviyyəsi, efirdə olduğunu unutması, dəvət etdiyi qonaqla istədiyi səviyyədə danışmasıdır. 2-3 kanaldan başqa, demək olar ki, bütün kanallarda bunu müşahidə edirik”, – deyə o bildirib.

***

Televiziya və radiolarda qeydə alınan səhvlərə görə cərimələrin tətbiqinə başlanıla bilər.

Bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva açıqlama verib.

O bildirib ki, müəyyən hesabatlardan, tövsiyələrdən sonra cərimələrin tətbiqi nəzərdə tutula bilər.

“Məqam artıq çatıb. Bunu ziyalılarımız da arzulayır. Dilimizin keşiyində duran ziyalılarımız çox narahatdır. Onlar dəfələrlə bizə müraciət ediblər. Problemin aradan qalxması üçün daha artıq gözləyə bilmərik. Bu qurum yaranıbsa, deməli, nəzarət edən, icra edən də bu qurumdur. Cərimələr Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə də təsdiq edilib. Fiziki, hüquqi və vəzifəli şəxslər üçün nəzərdə tutulan məbləğ var”, – deyə o əlavə edib.

Monitorinq Mərkəzinin sədri qeyd edib ki, məqsəd kimisə cərimələmək deyil, sadəcə dilin saflığının qorunmasıdır.

“Burada məbləğ elə də yüksək deyil. Məqsəd odur ki, televiziya rəhbərləri cərimələrdən sonra aparıcılarını müxtəlif kurslara, təlimlərə göndərsinlər. Aparıcını efir qarşısına çıxaranda düşünməlidirlər ki, o, təkcə televiziyanı deyil, eyni zamanda dilimizi də təqdim edir”, – deyə o bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir./Trend/