!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Televizorumu satıb məktəb bazarlığı etdim”

!Reklam – Yazi

396805_465079Sentyabrın 15-də yeni dərs ili başlayır. Bu, uşaqlar üçün həyəcanverici xəbər olsa da, valideynlərin əksəriyyəti üçün ən gərgin dövrlərdən biridir.

Bu il fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiyasını həyata keçirməsindən sonra bir çox sahələrdə olduğu kimi məktəb bazarlığı da kəskin bahalaşıb, uşaqlarını məktəbə yollamağa hazırlaşan valideynlər deyir.

Bəzi valideynlər ləvazimat və geyimlərin qiymətindəki artımdan şikayətçidir, bəziləri isə qiymətləri qənaətbəxş hesab edir.

Elə valideynlər də var ki, kömək olmadan övladını məktəbə yollaya bilmir.

190 manata çanta

“Geyimdə və məktəb ləvazimatlarının qiymətində böyük fərq var. Ötən il 4 manat 50 qəpiyə aldığım kitabı bu il 7 manata əldə edə bildim”, bunu BBC Azərbaycancaya müsahibəsində 2 övladını məktəbə göndərəcək Turan Babaxanova deyir.

Onun sözlərinə görə, bu il övladlarını məktəbə yollaya bilmək üçün 800 manat pul xərcləməli olub. O deyir ki, ötən il 7-10 manata aldığı ağ köynəklər bu il 15-17 manata, 2 manata aldığı xətkeş isə 6-11 manatadır.


“Ötən il 40 manata aldığım Almaniya istehsalı çanta bu il 70 manatdır. Düz 30 manat fərq edib. Səbəbini soruşanda satıcı deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən malların qiyməti də dəyişib”, Turan Babaxanova bildirir.

O deyir ki, uşaqlarının təhsil aldığı məktəbin xüsusi forması var. Amma forma çox keyfiyyətsiz olduğundan, onu da valideynlər tikdirir.

“Formanın iki dəsti var, yaz və qış. Bir dəstin qiyməti təxminən 55 manatdır. Amma materialı və tikilişi keyfiyyətsiz olduğu üçün, paltarı özümüz tikdirib, üzərinə məktəbin nişanını yapışdırırıq”, o əlavə edir.

Turan Babaxanova məktəb bazarlığını şəhərdə yerləşən müxtəlif mağazalardan edir. O, ucuz yarmarkalarda satılan mallar keyfiyyətsiz olduğu üçün onlardan almadığını deyir.
“Ucuz mağazalarda bir çanta 20 manata olsa da, o çantalar ləvazimatların ağırlığına dözmür və tez xarab olur. Amma şəhər mağazalarındakı çantaların qiyməti də çox bahadır. 190 manata belə çanta var”, o bildirir.

“Sədərək daha ucuzdur”

Adının çəkilməsini istəməyən digər valideyn isə, şəhər mağazaları ilə Sədərək ticarət mərkəzində qiymətlərin fərqli olduğu qənaətindədir. Onun fikrincə, ticarət mərkəzindəki qiymətlər şəhərə nisbətən 20-40 faiz ucuzdur.


Bakı şəhərində ən çox məktəb ləvazimatı satılan məkanlardan biri 28 may metrosunun ətrafıdır. Buradakı ləvazimatların qiymətləri keyfiyyətindən və istehsal olunduğu firmadan asılı olaraq dəyişir. 10 qəpiyə də qələm satılır, 2 manata da.
Müşahidəmizə görə, xüsusi mağazadan alış-veriş edən valideynlər hələ ki çox deyil.
Buradakı mağazalardan birinin satıcısının sözlərinə görə, valideynlər əsasən keyfiyyətli mallara maraq göstərirlər.

Digər mağazanın satıcısı isə alıcılıq qabiliyyətinin zəif olduğunu deyir.
Buradan fərqli olaraq Sədərək Ticarət mərkəzinə müraciət edən valideynlər çoxluq təşkil edir.

Övladları 6-cı və 10-cu sinifdə təhsil alacaq Məhsəti xanım bir neçə gün əvvəl Sədərək ticarət mərkəzindən məktəb bazarlığını edib. Cəmi 150 manat pul xərcləyən müsahibmiz qiymətlərdən çox razı qalıb.

“Məktəb ləvazimatlarını Azərbaycan istehsalı olandan aldım deyə ucuz oldu”, o bildirir.
Məhsəti xanım alış-veriş üçün bu ticarət mərkəzinə müraciət etməsini ailə büdcəsinin az olması ilə əlaqələndirir. O əlavə edir ki, burada satılan hər məhsula keyfiyyətsiz deyilməsi düzgün deyil.

“Balaca qızıma 4 il əvvəl 14 manata bir çanta almışdım. Ötən ilə qədər istifadə etdi. Məhsulların bəziləri yaxşı çıxır”, o deyir.

Məktəbli forması üçün isə ən çox müraciət olunan mağazalar Bakı Tikiş evinə aiddir.

Məktəbli formasının qiymətləri

Firmanın satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, bu il qiymətlərdə müəyyən dəyişikliklər olsa da, bu, bahalaşma sayılmaz.
“Ötən illərdə aşağı siniflərin formaları ölçüsündən asılı olaraq 30-35 manata, yuxarı siniflərin isə 40-45 manata satılırdı. Bu il isə biz ümumi qiymət tətbiq etdik. Belə ki, indi ölçüdən asılı olmayaraq aşağı siniflər forma üçün 34, yuxarı siniflər isə 43 manat ödəməlidir”, müdir deyir.


Bundan başqa mağazalarda jilet və ya ağ köynəyi 6 manata, qalstuku 2 manata, kəməri isə 3 manata əldə etmək olar.
Cənab Əzimov bildirir ki, dolların bahalaşması onlara da təsir edib. Amma bu il qiymətləri “sabit saxlaya biliblər”. Buna səbəb isə ötən ildən parça ehtiyatının qalması olub. Gələn il qiymətlərin necə olacağı isə sual altındadır.

“Biz materialı Türkiyədən dollarla alırıq. Üstəlik firmanın gömrük, nəqliyyat, arenda, kommunal xərcləri var. Vergi ödəyirik, həm də 800 işçimiz var. Heç bir şirkət zərərinə işləmək istəməz”, o əlavə edir.

Firmanın mağazasında valideynlər forma almaq üçün növbədədir. Kimisi dörd övladına forma seçir, kimisi bir. Bu valideynlər qiymətlərdən şikayət etmirlər.
Hərçənd, BBC Azərbaycancaya danışan Gülnar (ad şərtidir) imkansızlıqdan hələ də məktəb bazarlığı edə bilməyib.

“Televizorumu satıb məktəb bazarlığı etdim”

27 yaşlı Gülnar kirayə qaldığı, iki çarpayı, 2 stul və bir balaca stol sığışdıra bildiyi təxminən 20 kvadrat metrlik evdə təkbaşına 3 uşaq böyüdür.

Qızı 9 yaşlı Nəzrin bu il 3-cü sinfə getməlidir. O, ötən ilin oktyabr ayında təhsilini dayandırıb. Səbəbi isə anası işlədiyi üçün, balaca qardaşlarına baxması olub. Gülnar bu hala çox üzülsə də, “başqa çarəm yox idi” deyir.


“Dayə tutmağa imkanım yoxdur. Uşağın birinə 10 manata baxırlar. Çay evində işləyirəm, günə elə 10 manat qazanıram. Evin kirayəsinə pulum güclə yetir”, deyən Gülnar “uşaqlarına istədiyi həyatı yaşada bilmədiyi” üçün özünü günahkar hesab etdiyini də əlavə edir.

O, Nəzrinin təhsilini davam etdirməsini arzulayır. Çünki Nəzrin oxumağa çox həvəslidir. Gülnar deyir ki, ötən il məktəb bazarlığı üçün televizorunu satmalı olub. Bu il də imkan yoxdur. Amma ona SOS uşaq kəndləri kömək edəcək.

Gülnarın sözlərinə görə, təşkilat kömək etməsəydi, borc alaraq Nəzrini məktəbə göndərəcəkdi.
Onun oğlu 8 yaşlı Ayxan isə hələ də məktəbə getməyib. Ötən il sənədləri olmadığı üçün, bu il isə məktəbə qəbul imtahanına gecikdiyi üçün Ayxan bir il daha gözləməlidir.


Gülnar uşaqlarının gələcəyinin yaxşı olacağına ümidlidir. Özü təhsil almadığı üçün övladlarına bu imkanı yaratmağı çox istəyir.
Nəzrinin arzusu həkim olmaqdır. Ayxanın isə riyaziyyata marağı çoxdur. O, hətta vurma cədvəlini özü öyrənib. Böyüyəndə böyük iş masası və rahat kreslosunun olmasını istəyir. 5 yaşlı Sənan isə gah idmançı, gah da rəqqas olmağı arzulayır.

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv