Telman Adıgözəlovun DOĞUM GÜNÜDÜR: “Çox qorxurdu, ölümündən əvvəl …” – Xalq artisti

“Telmanı həmişə komik obrazlarda görsək də, daxilən kədərli olurdu. Çox qəribədir ki, həmişə komediya aktyorlarının taleyi ağrılı, kədərli olub. Telman da elə idi. Hər zaman insanları güldürən aktyor ürəktutmasından həyatını itirdi”.

Bunu Yenicag.az-a a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyli bu gün doğum günü olan mərhum aktyor Telman Adıgözəlovla bağlı xatirələrini bölüşərkən deyib.

Şeyx Əbdül Telman kimi aktyorların bu gün yerinin boş qaldığını təəssüf hissi ilə bildirib:

“Onlar üç dost idilər; Telman, Ənvər Həsənov, Vaqif Mustafayev. Üçü də kinostudiyanın dəhlizlərində böyüyüblər. Sonradan yolları ayrıldı. Hərəsi bir işin dalınca getdi. Bu gün Azərbaycan kinosunda, efirində, mədəniyyətində Telman kimi aktyor barmaqla sayılacaq qədərdir. İndikilər ancaq parodiya etməklə, kimisə ələ salmaqla tamaşaçını güldürməyə çalışır. Onlar anlamır ki, komediya ən çətin janrdır. Bu mənada Telman bənzəri olmayan bir aktyor idi. Təssüflər olsun ki, bu gün Telman, Yaşar Nuri, Siyavuş Aslan kimi aktyorların yeri boş qalıb”.

Rejissor bildirib ki, Telman Adıgözəlov ömrünün son günlərində səhhətindən şikayətlənirmiş:

“Həmişə mənə “uçitel” deyirdi. Ölümündən bir neçə gün əvvəl qarşılaşdıq. Evimin altında dərzi sexinə nəsə gətirmişdi. Görüşdük. Dedi ki, özümü çox pis hiss edirəm. Onun çənəsində müalicə olunmayan bir xəstəlik var idi. Ona görə dişlərini düzəltdirə bilmirdi. Gərək çənəsi əməliyyat olunaydı. Amma çox qorxurdu. Dedim niyə belə rəngin saralıb? Dedi ki, son vaxtlar ürəyimdə ağrılar hiss edirəm. Öz həkimim vardı, məsləhət gördüm ki, onun yanına gedək xalq təbabəti ilə müalicə olunsun. Dedi ki, Türkiyəyə qastrolumuz var, qayıdanda gedərik.

Bir müddət keçdi, Bakıda deyildim, eşitdim ki, Telman ürəktutmasından vəfat edib. Telman səhnəyə yaraşan, ziyalı, peşəkar, sevilən bir aktyor idi. Heyif ki, tez itirdik”.

Cəvahir