Xəbər verdiyimiz kimi, “Qarabağ” 4-cü dəfə Azərbaycan çempionu tituluna sahib oldu. (“Qarabağ”- “İnter”- 3:0). Bununla da Ağdam klubu Çempionlar Liqasında iştirakını dəqiqləşdirdi.
Yeniçağ.Az xəbər verir ki, Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan 3-nün çıxış edəcəyi turnir bəlli olub. “Qarabağ” ÇL-də, “Qəbələ”isə ardıcıl 4-cü dəfə Avropa Liqasında mübarizə aparacaq. Qəbələlilər burada “İnter”lə birlikdə ölkəmizi təmsil edəcək. Azərbaycanın bu turnirdəki son komandasının adına isə Premyer Liqanın qarşıdakı iki turu aydınlıq gətirməlidir. “Zirə”, “Sumqayıt”, “Kəpəz” və “Neftçi”nin sonuncu vəsiqə uğrunda mübarizə apardığı vaxtda digər üç komanda artıq hazırlıq planını hazırlaya bilər. Çünki “Qarabağ”, “Qəbələ” və “İnter”in avrokubok oyunlarının da püşkatmanın da vaxtı bəllidi.
Təmsilçilərimiz buna uyğun şəkildə hazırlığın planlarını cıza bilər. Yeni mövsümdə həm Çempionlar Liqası, həm də Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. “Qarabağ” II, “Qəbələ”ylə “İnter” isə I təsnifat mərhələsindən mübarizəyə start verəcək.
Yeniçağ.Az