Yeni yaranan dövlət qurumun rəsmisindən kiçik sahibkarlara şok – “Bağlanacaq!”

Azərbaycanda ən çox istifadə edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir.

Yenicag.az xəbər verir ki, nəinki bölgələrdə, eləcədə də paytaxtda yol kənarlarında üst-başı çirkli qadınların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması-bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır.

Lakin Azərbaycanda çörək də daxil olmaqla qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bu cür vəziyyəti aradan qaldırmaq üçün geniş səlahiyyətlərə malik olan yeni dövlət strukturu-Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu baxımdan agentliyin çörək istehsalı və satışında gigeyenik normaların genişmiqyaslı pozulmasına qarşı necə mübarizə aparacağı maraqla gözlənilməkdədir.

Çörək bazarındakı vəziyyəti virtualaz.org saytına şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürək açan deyil. Xüsusilə kiçik çörəkbişirmə sexlərində məhsulun tərkibinə vurulan qatqılar bəlli deyil. Dəfələrlə göl kənarlarından yığılıb, təmizlənməmiş duzun xəmirə qatılması ilə bağlı şikayətlər daxil olub.

“Çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Qida məhsullarının heç birinə əllə toxunmaq olmaz”, -Hüseynov əlavə edib.

Çörəyə yoluxdurulan xəstəliklər

Ekspertlər də hesab edirlər ki, çörəyə əllə toxunmaq məhsulu əlavə çirkləndirməyə məruz qoyur. Çörək daşınarkən çirkləndirildikdə qida xəstəliklərinə yoluxmaq mümkündür. Ekspert Səadət Əliyeva deyir ki, çörəyin daşınması prosesinə səthi yanaşmaq olmaz. Çörək xüsusi maşınlarda daşınmalıdır, həmin avtomobildə başqa ərzaq məhsullarının daşınmasına icazə verilmir.

Üstəlik bu maşınlar həftədə bir neçə dəfə təmizlənməli, yuyulmalıdır. Məhsula əllə də toxunmaq olmaz, mütləq əlcəkdən istifadə etmək lazımdır. Əks halda təmas yolu ilə yoluxan infeksiya və viruslar çörəyə düşür, oradan da həzm sisteminə ötürülür.

“Çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Qaydalara görə, nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Amma sürücü sükan arxasından durub əllərini yumadan çörək daşıyır. İndi yediyimiz çörəyin nə qədər çirklənməyə məruz qaldığını siz təsəvvür edin”, -Əliyeva söyləyib.

Yol kənarlarındakı təndirlər, kabab iyinə yığışan itlər, xəmir vedərisində pişiklər…

Lakin ekspertin bəhs etdiyi bu normalar Bakının hər yerində, yol kənarında fəaliyyət göstərən, üzərinə “İsti təndir çörəyi”, “Nənəmin təndiri”, “Naxçıvan lavaşı” və s. bu kimi lövhələr vurulmuş kiçik sexlərdən, təndirlərdən uzaqdır.

Məsələn, Hövsan qəsəbəsindən dənizə, çimərliyə tərəf gedən yolun üstündə hər addımbaşı təndirlərə rast gəlinir, çörək, qutab və toyuq bişirilib satılır. Bu məkanlarda çirkli vedrələrdə xəmir yoğrulur, qadınların alın təri xəmirə qarışır, xəmirin üstünə çirkdən rəngi seçilməyən parça örtülür. Yolun toz-torpağı da bir yandan çörəyə hopur.

Belə sexlərdən birində çörək bişirən qadın deyir ki, onlara təmizlik, sanitar-gigeyenik normalarla bağlı irad bildirən yoxdur. Baxmayaraq ki, sahibsiz itlər kabab iynə təndirin ətrafına toplanıb, ac pişiklər isə qadının az əvvəl xəmir yoğurduğu vedrənin altını-üstünə çeviriblər.

“Əsasən yayda – çimərlik mövsümü başlayanda alıcılar çox olur. Hətta kafe və restoranlar da bizdən alver edirlər”-qida təhlükəsizliyi normalarından bixəbər qadın deyir.

Təndirlə “moyka” bitişikdir: “Qabları orada yuyuruq…”

Metronun “Nəsimi” stansiyasının ətrafında da vəziyyət təxminən bu cürdür. Burada avtomobil yuma məntəqəsinə bitişik təndirdə çörək də bişirirlər, kabab da. Çörək bişirən qadın deyir ki, Novruz bayramı ərəfəsində işləri çox olur, bayram ərəfəsində bu balaca köşkdə şəkərbura, paxlava, qoğal da bişirirlər.

“Təmizlik deyəndə ki…su problemimiz yoxdur, qabları yan tərəfdəki “moyka”da yuya bilirik. Sifarişə uyğun kabab da hazırlayırıq, əti yaxınlıqdakı qəssabdan götürürük”-işçi sanitar-gigeyenik normalarla maraqlandığımızı görüb bir qədər təəcüblə bildirir.

Xətai rayonu Gəncə prospektində isə təndir çörəyini məişət tullantıları atılan qutuların əhətəsindəki balaca sexdə bişirirlər, hazır çörəklər küncdəki piştaxtaya yığılır. Təndir çörəyi bişirən qadınlardan biri deyir ki, köşk götürüb təndir açmaq asan məsələ deyil. Bunun üçün ən azı 4-5 dövlət idarəsi razılığa gəlmək lazımdır, “müvafiq razılıq” əldə olunandan sonra təndir işlədənlərin təmizliyi, hətta işçilərin tibbi müayinədən keçib-keçmədiyi heç kimi maraqlandırmır.

Şöbə müdiri: Kiçik müəssisələr, təndirlər bağlanıla bilər

Çörəkbişirmə və satış sahəsindəki bu mövcud mənzərə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin təftiş və dövlət nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevlə söhbətləşə bildik. Yeni yaradlan dövlət agentliyinin şöbə müdirinin sözlərinə görə, çörək istehsalı, saxlanılması və daşınmasında doğrudan da problemlər var. Agentlik bu sahədə ciddi işlər planlaşdırılır, tələblərə cavab verməyən kiçik müəssisələrə, yol kənarlarında antisanitariya şəraitində fəaliyyət göstərən təndirlərə qarşı tədbirlər görüləcək.

B.Quliyevin dediyinə görə, müxtəlif inzibati tədbirlər, hətta istehsalın dayandırıması nəzərdə tutulub. Çörək istehsalı, daşınması və satışı ilə məşğul olanların tibbi müayinədən keçməsinə də ciddi nəzarət ediləcək.

Şöbə müdiri deyir ki, xüsusilə də kiçik sexlərdə, yol kənarlarındakı təndirlərdə xammalın saxlanılmasından tutmuş daşınmasına qədər sanitar tələblər pozulur. Məsələn, xammal 8-10 dərəcə temperaturda saxlanılmalıdır, əks təqdirdə məhsulun keyfiyyəti və təhlükəsizliyində problemlər yaranır. Un yüksək temperaturda saxlanıldıqda emalı zamanı içərisindəki mikroorqanizmlərin çoxalması baş verir. Xüsusilə yayda çörəkdə “kartof” xəstəliyi kimi tanınan xəstəlik yaranır. Normalara görə un yalnız anbarlarda saxlanıla bilər.

B.Quliyev söyləyib ki, unun ələnməsində, xəmirin yoğrulmasında da nöqsanlar aşkarlanır. Un çox zaman xüsusi cihazla deyil, əllə yoğrulur, bu isə yolverilməzdir. Çörək bişiriləndən sonra saxlanılması qaydalarına da riayyət edilməməsi halları geniş yayılıb.

Agentlik çörəyin keyfiyyətindən narazı olan istehlakçılara onlara rəsmi müraciət etməyi tövsiyə edir.

Qeyd edək ki, qida sahəsinə indiyədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və İstehlak Departamenti nəzarət edirdi. İndi onların səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə verilib, deməli bütün nəzərlər də bu agentliyə yönələcək. Kifayət qədər geniş səlahiyyətlər verilmiş agentlik ölkədə qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bərbad vəziyyəti aradan qaldıra biləcəkmi, bunu izləmək və görmək lazım gəlir…

COP29