Tənzilə Rüstəmxanlı: “Dövlət Komitəsinin fəaliyyətinin nəticəsini Vətən müharibəsində gördük”

“Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında indi daha böyük vəzifələr durur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 19-cu ildönümündə təşkilatın ötən illərdəki fəaliyyətini dəyərləndirən Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı səsləndirib.

Tənzilə Rüstəmxanlı İkinci Qarabağ müharibəsində Dövlət Komitəsinin aktiv rol aldığını və erməni diasporunun yalanlarını üzə çıxardığını qeyd edib:

“Ümummilli lider Heydər Əliyev tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi yaradılarkən qarşıya qoyulan məqsəd çox dəqiq idi: Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycanın haqq səsini yaymaq. Yaradıldığı ilk gündən etibarən bu sahədə çox ciddi işlər görməyi bacarmış Dövlət Komitəsinin yorulmaz fəaliyyətinin nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. Bu 44 gündə Komitə rəhbərliyi ilə diaspor təşkilatları tərəfindən erməni diasporlarının yalanlarının faş edilməsi istiqamətində atılan addımlar mənfur düşməni müdafiəsiz qıldı.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında indi daha böyük vəzifələr durur. Bu vəzifələrin icra edilməsi də birbaşa olaraq dövlət dəstəyindən asılıdır. Komitənin fəaliyyət aspektlərini genişləndirməsi üçün bu dövlət dəstəyi mütləqdir”.

ATEV sədri Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyətinin daha yaxşı nəticələrə gətirib çıxaracağına əminliyini ifadə edib:

“Sevindiricidir ki, bu gün Türkiyənin diaspor təşkilatları ilə Azərbaycan Diaspor Komitəsi birlikdə mühüm layihələr həyata keçirirlər. Burada bir şeyi də qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində iki ölkə diaspor təşkilatlarının birlikdə hərəkəti effektiv olmuşdu”.

Tənzilə Rüstəmxanlı rəhbəri olduğu təşkilatlarla Diaspor Komitəsi arasında əlaqələrə toxunaraq bunları deyib:

“Fəaliyyətimin böyük hissəsini türk dünyasına həsr etdiyimdən, rəhbəri olduğum Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi iki ölkənin də diaspor komitələri ilə sıx əlaqədədir və bu günə qədər birlikdə müəyyən işləri reallaşdırmışıq. Əlaqələrimizin bundan sonra daha da sıx şəkildə qurulacağından əminəm”.