Qadın və ana olmaq… Bəlkə də ən asanı budur. Bir kişinin evində, onun xanımı və uşaqlarının anası olursan, bunu özünə borc bilirsən. Bu çərçivədə qaldığın müddətdə kimsəni rahatsız etmirsən, kimsə də sənə diqqət yetirməz. Elə ki, toplumun alışmadığı bir performans sərgiləyirsən, iddia ortaya qoyarlar, yaxud da, kiminsə rəqibi olarsan. Ya biriləri səni özünə rəqib görərsə, ya da sadəcə varlığın kimlərisə narahat edərsə,o zaman durum dəyisər, səni yox etmək üçün çirkab atmaqdan çəkinməyən rəqiblərin ard-arda gələr.
Uzun illərdir tanıdığım, ruhuna bələd olduğum, yazdığı seirlər qədər sevgi və torpaq ətirli bir qadın, bir ana, ən önəmlisi maarifpərvər bir ziyalı xanımdan söz açmaq istəyirəm.
Hər görüşümüzdə, nədənsə o mənə böyük İsmail bəy Qaspıralının maarifpərvər qızı Şəfiqə Qaspıralını xatırladır. Sanki onun ruhunun daşıyıcısı kimidir. Şəfiqə xanım dövrünün ən böyük maarifçi qadınlarından biri olub və çətin şərtlər altında millətinin aydınlığa çıxması üçün yorulmadan mübarizə aparıb.
Bu gün dəyərli Sona Vəliyeva onun xələfi olaraq bu missiyanı davam etdirir:
İçində dərdlə güləşir,
İçindən üzülən adam.
Haqq nazilir, üzülmür,
Üzülmə, üzülmə adam.
Zəhməti var, tamahı yox,
Günahından savabı çox,
Ağrıyar “ofu”, “ahı” yox,
İçində közərən adam.
Sanki bu şeri ömür-gün yoldaşi Əli müəllimə yazıb. Bəlkə də ona yazıb, kim bilir?
Əl verdin, əlin kəsdilər,
Yol verdin, yolun kəsdilər,
Zatdan kəndiri kəsdilər,
Düşdülər izinə, adam.
Oldu keçdi oyunlar,
Oyunçular, oyunlar,
Ayağın altın oyanlar,
Çatmadı dizinə, adam.
Gəlimli, gedimli dünyadı,
Dədəli, yetimli dünyadı,
Haqqsız haqlını taladı,
Satdı yüzünə, adam.
Başına çatmayan başdan,
Özündən ağır daşından,
Yenilmə haqq savaşından,
Qalib yazılan adam.
Sona xanımın bu şeirini çox sevirəm, üzərimizə çirkablarıyla gələnlərin dilini bilmədiyimiz üçün, canım sıxılanda bu şeirə sığınıram, sanki şeirdə özümü görürəm.
“Qardaşım kefli İsgəndərə” yazdığı məktublarında, cahilliyin bir millətin faciəsi olmasından yola çıxaraq, onunla dərdləşir. Zaman fərqli olsa da dərdlər eynidir:
Mən də millətin
dərdini anlamağa,
yazmağa çalışdım.
Gördüm ki,
Təpədən-dırnağa millətin
çəkdikləri içimdə bitib.
Qələmim nə yazdısa,
hər sətirindən Vətən
boy verdi.
Bir cahili də mənə dərs verdi,
Xəbər göndərdi
“Çox fəallaşıb, millət, xalq” deyir.
“Nə etmək istəyir?”, – dedi.
Bilirsən qardaş mən o yana,
gözündən ailəmə, evimə,
tuşlanan oxu gördüm.
İnandım, imkanı olsa,
Çağırar Allahı tənbeh edər,
mənə verdiklərinə…
Ya da Məmmədhəsən əmi kimi
Həzrət Abbasa məktub yazar,
qələmimin sınmasını arzular.
Amma çox şükür ki,
imanı olmadığından,
inamı da yoxdur.
Dünyamız əslində iman və inamın üzərində durur, insan oğlu bunları itirdiyində aydınlıqlar qaranlığa sürüklənir, bir millətin faciəsi olan cahillik də o zaman başlar.
Sona xanımın aydınlıq məfkürəsi dünyamızı qaraldanlara və bizi içimizdən yox etməyə çalışanlara qarşıdır.
Sona Vəliyeva həm də yaxşı vətəndaşdır, anadır, oğlunu vətən uğrunda qurban vermiş anaların acısını öz ürəyində hiss edən bir ziyalıdır.
Şəhidlər haqqında yazdığı şeir bunun parlaq nümunələrindən biridir:
Sökülən dan yeri qara xəbərlə
Dağ-daş da yas tutar, göz yaşı tökər,
Bitməz davaları şəhid əsgərin
Zəfər gününədək ruhu döyüşər,
Qurşun – qurşun qorunur
Yurdun namus davası.
Sevən qız saçın yolmasın,
Sevgisi məlhəm olunca,
Ağrımaz şəhid yarası.
Ölümə tuş gələn ömrün
Əvvəli sondan başlayır.
Sərhəd qalasına dönən,
Oğuldan Vətən başlayır.
Tellər qanla xınalanıb,
Bu necə toydur siz deyin.
Bayraqlı xonça bağlanıb,
Bəy evinə xəbər verin.
Şəhid Vətən qurbanlığı
Yurdun səməndər quşudur.
Bu gün Məcnun Leylisinə
Sevən, sevənə qovuşur.
Hər şəhid xəbəri, Tanrı sınağı,
Vətən sevgisidir, Vətən görküdür,
Təzədən göyərər çinar oğullar.
Tabutun üçrəngli bayrağa bükün.
Bu acılara ürəyində yer vermiş nə qədər yazarımız var? Eşqdən-məşqdən, quşdan-böcəkdən yazanların başda olduğu bir zamanda demək olar ki, çox az rastlanar.
Sona Vəliyevanın şeirlərində torpağın və Vətənin ətri, türkün qəhrəmanlıq ruhu, Azərbaycanın səsi, düşmən əsarətində olan Qarabağın harayı, Xocalıda qətl edilən insanlarımızın naləsi var.
Dilində türkün duasıyla, türkün gəlişinə salam verir Sona xanim:
Tanrı dağından vardım,
Göndərdilər mən də gəldim.
Göy bayrağım, yer gəmimdi,
Yol verdilər mən də gəldim.
Dünya Tanrı biçimdəydi,
Haqqin nuru içimdəydi,
Böyük kimdi, kiçik nəydi,
Söylədilər, bildim, gəldim.
Yol verildi köçə varam,
Zülmətə işıq aparam
Dünyanı haqqa çağıram
Əlimdə nur, işıq gəldim.
Verilən nə, aldığım nə
Güvən verdim güvəninə.
Çadırdan Dünya evinə,
Yol verdilər mən də gəldim.
İlkdə sonam, sonda ilkəm,
Tanrı eşqi, haqq görküyəm.
Göydən gələn, göy türküyəm,
Mən seçildim, mən də gəldim.
Haqq məndədi, mən haqdayam,
Yaxındayam, uzaqdayam,
Ölçüsüz vaxt taxtındayam,
Zamanla ölçüldüm gəldim.
İçimdən bir yol ağardı,
Hər yer tanışdı, doğmadı.
Savalan sağ olan ağamdı,
Harayladı məndə gəldim.
Bu şeirdə milli ruh,özünü dərk, milli kimlik və Vətənin sevgisi ilə ürək yanğısını söndürən su misalı bir könül nəğməsi var.
Zalımların əliylə ikiyə bölunmuş bir xalqın faciəsini iliklərinə qədər hiss edən milli bir aydindir Sona Vəliyeva:
Araz boyu bu nə köçdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbül, yarı xarı
– “Arazbarı”.
Tarixlərin səsi, ünü,
Çay da haqsızlıq sürgünü
Tanrı tikər körpüsünü
Yarı dərd-qəm, yarı barı –
“Arazbarı”.
Yollar düyün düşdü çəndə,
Özüm yetim öz içimdə.
Nə ağacdı bu biçimdə,
Meyvəsi ayrılıq dadır – “Arazbarı”.
Həm varındım, həm yoxundum,
Naxış-naxış hey toxundum,
Yazılmamışdan oxundum,
Param-parça, yarı-yarı –
“Arazbarı”.
Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdim,
Odum boyumdan yuxarı –
“Arazbarı”.
Ara azsa, bu da kədər,
Yol bir addım, yol nə qədər?
Bu nə tale, bu nə qədər?
Harda qaldı bəhrə-barım –
“Arazbarı”.
Yazılıram sətir-sətir,
Göy Tanrının, yer kimindir?
Məni başına döndərin
Araz adlı dərdli yarın –
“Arazbarı”.
Dünya tanrı biçimdədir
Yeddi səsdən, yeddi rəngdən,
Hönkürdüm içimdə bərkdən,
Görünməyən göy dirəkdən
Qurulan hasarım, barım – “Arazbarı”.
“Şeyx Səfi” indi toxundu,
Yer oxundu, göy oxundu,
Qınından çıxan oxuydu –
Tuşlandı sinəmə sarı – “Arazbarı”.
Ahım yandıracaq daşı,
Daşa dönən yar-yoldaşı,
Mən fələyin qarğanmışı
Dərdim bütöv, torpaq yarı –
“Arazbarı”.
Evim, ocağım Təbrizdi
Düyünü, yası mənsizdi,
“Qaragilə” kimsəsizdi,
Dərd çəkir ellərə sarı –
“Arazbarı”.
Dolu başlar, bulud çağlar,
Göylər yerlə ülfət bağlar.
Araz üstə kimdir ağlar?
Yarı insan, yarı pəri –
“Arazbarı”.
Daş-divarsız bəndim zülüm,
Boynumda kəməndim zülüm
Sümüyə dirəndi zülüm
Səndə hər sirrin açarı –
“Arazbarı”.
Sona Vəliyevanın ədəbi yaradıcılığının bir neçə nümunəsindən söz açtım. Milli şairimiz, Stalin represiyasının qurbanlarından olan, Sibirdə yaşamını itirən Hüseyn Cavidin şeir kitabını ilk dəfə Türkiyədə çap etdirən də Sona xanım idi. O kitabın bütün xərclərini isə ömür-gün yoldaşı Əli Həsənov qarşılamışdı.
Böyük Zərdabinin həyat və yaradıcılığından bəhs edən “İşığa Gedən Yol” kitabı da ədəbiyatımıza ən önəmli töhvələrdən biridir.
Dünyanın bir çox ölkələrində, ingilis və rus dillərinə tərcümə olunaraq çap olunan əsərləri, Barselonada ispan dilində çap olunan ”İnandım qayıdacağına” şeirlər kitabi da Azərbaycan ədəbiyyatının təbliği baxımından çox önəmlidir.
Sona Vəliyevanın insani tərəflərindən söz etməyəcəm. Çünki bunu sevməz. Etdiyi xeyir işlərini Allahla arasında olan iş hesab edənlərdəndir, bunun bilinməsini heç istəməz… Olsun, hər işin ən gözəlini Allah bilir, bəndə bilsə nə olacaq ki?
Amma…!
Son zamanlar bu ailə haqqında bir qaralama kampaniyası aparılır və Sona xanımın da adının hallandığı bir məhkəmə işindən bəhs edilir. İşin gerçəyini bildiyim üçün vicdanım yol vermədi ki, bu məsələyə səssiz qalım. Həm suçlu, həm də güclü olmaq buna deyərlər. Həbs edilən adamın oğru olduğu bilindiyi halda, sırf Sona xanım Əli Həsənovun həyat yoldaşı olduğu üçün oğruya güzəştə getməlidir? Haqqını müdafiə etməməlidir? O, hansısa bir işlə məşğul ola bilməzmi? Sona Vəliyeva da sənin kimi, mənim kimi Azərbaycan vətəndaşı deyilmi? Bu çirkab kampanyası, cinayət etmiş birinə haqq qazandırmaq deyilmi? Əslində bütün bu baş veren hadisələr Sona Vəliyevanın dostları üçün də bir sınaqdır, hər kəs inandıği yolla özünü ifadə edəcək. Onu qaralamaq istəyənlər, gerçəyi görməkdənsə, çirkab atmak üçün bir cinayətkarın ifadələrinə sığınacaq qədər acizdirlər.
Ancaq bütün yaşananlar Sona Vəliyeva qədər dostlarını üzsə də, bildiyimiz tək gerçək var:
İçində dərdlə güləşir,
İçindən üzülən adam.
Haqq nazilir, üzülmür,
Üzülmə, üzülmə adam.
Dünyada heç bir şey əbədi deyil, bir gün gələn, bir gün də gedəcək, mal-mülk, məqam və vəzifələr də daimi deyil, onlar da gedicidir. Bizdən sonra arxamızda buraxdığımız əməllər, özəlliklə yaxşılıqlarımız bizi yaşadacak. Sona Vəliyeva yazdığı əsərlərdə və etdiyi xeyir əməllərdə yaşayacaq. Adı ondan sonra namərd və ona çörək verən adama xəyanət edənlərin siyahısında olmayacaq. Önəmli olan da budur. Nə demişdi babalarımız: “Haqq nazilər, amma üzülməz”.
Sən haqqın yanında olanlardan ol ki, bir gün Haqq da sənin yanında olsun.