Tənzilə Rüstəmxanlı TİKA sədri ilə görüşdü – FOTOLAR

Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının qardaş ölkəyə işgüzar səfəri davam edir.

Yenicag.az xəbər verir ki, ATEV sədri Ankarada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərhat Kayalar ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişaf etdirilməsində TİKa-nın gördüyü işlərdən danışılıb. Tənzilə Rüstəmxanlı İkinci Qarabağ Savaşında TİKA tərəfindən Azərbaycana göndərilən humanitar yardımların qardaşlıq bağından qaynaqlandığını dilə gətirərək Sərhat Kayalara təşəkkür edib.

ATEV sədri rəhbəri olduğu qurumla TİKA arasında uzun illərdən bəri davam edən əlaqələrin çoxşaxəliliyini təmin etmək üçün bundan sonra daha da sıx çalışmaq lazım olduğunun vacibliyini vurğulayıb.

Tənzilə Rüstəmxanlı Sərhat Kayalara müəllifi olduğu kitab hədiyyə edib. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, görüşdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edib.

Xatırladaq ki, Tənzilə Rüstəmxanlı Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyənin Əmək və Sosial Təhlükəsizlik naziri Vedat Bilgin və Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) sədri Abdulla Ərənlə görüşmüşdü.