Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü Yuxarı Qaramanlı kəndində baş tutdu – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə silsilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə xanım namizədin qərargahından məlumat verilib.

Növbəti görüş avqustun 15-də Yuxarı Qaramanlı kəndində təşkil olunub. Tənzilə Rüstəmxanlını İkinci Qaralı kəndinin girişində Şəhidlər abidə kompleksinin qarşısında kənd ziyalıları, kəndin ağsaqqalları və ağbirçəkləri alqışlarla qarşılayıblar.

Tənzilə Rüstəmxanlı onu qarşılayan kənd sakinləri ilə birlikdə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.

Ziyarətdən sonra deputatlığa namizəd kənd ziyalıları, ağsaqqal və ağbirçəkləri ilə birlikdə görüş yerinə gedib.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib.

Görüşü giriş sözü ilə açan aparıcı Tənzilə Rüstəmxanlının parlament seçkilərinə “Neftçala üçün birlikdə!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, onun platforması haqqında məlumat verib, seçiciləri xalqın layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə iştirak edən xanım namizədin vəkilləri Tənzilə Rüstəmxanlının fəaliyyətindən söz açıb, Yuxarı Qaramanlı sakinlərini seçkilərdə aktiv iştirak edərək namizəd xanıma səs verməyə çağırıblar.

Çıxış edən deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçiciləri bir daha salamlayaraq, seçki platforması haqqında ətraflı məlumat verib. O, əhalinin sosial problemlərinin həlli ilə yanaşı, xalqımızın mədəni irsinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini də önə çəkib.

Tənzilə xanım vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. O qeyd edib ki, bu tarixi hadisədə iştirak etmək böyük qürur və fəxrdir.

Xanım namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Sonra kənd sakinləri fikir və təkliflərini söyləyib, mövcud problemlərinin həll olunması yolunda Tənzilə xanıma inandıqlarını bildiriblər.
Onların təklif və problemləri ilə bağlı müvafiq qeydlər aparılıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.