Tərəfləri münaqişəyə çəkən RUSİYA: “Ermənilər “peşka” kimi istifadə olunur” – Hərbi ekspert

“Rusiya sülhməramlıları məqsədli şəkildə problemlərin olmasına göz yumurlar ki, konfliktlərə şərait yaransın. Konfliktlərin olması Rusiyanın bölgədə qalmasını əsaslandıracaq”.

Bunu Şuşada baş verən terror hadisəsi, sərhəddəki gərginlik və Rüstəm Muradovun Qarabağa səfərlərinin səbəbləri və digər məsələləri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, bölgədə bütün konfliktlərin məsuliyyəti Rusiya sülhməramlılarının üzərindədir:

“Hadisənin baş verməsinin səbəb ondan ibarətdir ki, sülhməramlılar üzərlərinə düşən məsuliyyəti tam yerinə yetirmirlər, yerinə yetirə bilmirlər, yetirmək istəmirlər. Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə baş verən bütün hadisələrin məsuliyyəti onların üzərindədir. Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət etməlidir. Koridora girən və çıxanların yoxlanılması onların məsuliyyətindədir. Ruslar yoxlamanı sadəcə olaraq imitasiya edirlər. Sadəcə olaraq vizual baxışla, bəzən də pasportuna baxmaqla yoxlama aparırlar. Bunu bilincli şəkildə edirlər ki, konfliktlərə şərait yaransın. Konfliktlərin olması Rusiyanın bölgədə olmasını əsaslandıracaq. Dolayısı ilə sülhməramlıların nəzarəti altında olan bölgədə ermənilərin hərəkətləri hər iki tərəfin işinə yarayır. Ermənistanda bir protest gedir. Hakim partiya Azərbaycanın təklif etdiyi sülh sazişi üzərində işləməyə başlayıb. Zəngəzur dəhlizinin açılması yönündə müsbət mesajlar gəlməkdədir. Ultra-milliyətçi qüvvələr isə bu kimi hərəkətləri ilə konfliktlər yaradaraq hökumətin üzərinə getmək istəyirlər ki, müsbət qərar verilməsin. Dolayısı ilə Azərbaycanı erməni silahlı birləşmələri ilə konfliktə çəkmək istəyirlər. Konflikt olduğu müddətcə masa arxasına oturmaq çətin olur.

Sülhməramlılar ona görə göz yumurlar ki, təkrar edirəm, bölgədə qalsınlar. Üçtərəfli bəyanatın 4-cü bəndi yerinə yetirilməli, erməni silahlıları ərazidən çıxıb, paralel şəkildə sülhməramlılar onların yerini almalı idi, bunu gözləyirdik, baş vermədi. Ruslar Qarabağ ərazisində, əksinə, erməni hərbi birləşmələrinin təşkilatlanmasını həyata keçirdilər. 18-ci diviziya, 10-cu dağ atıcı diviziya müharibədən sonra yenidən təşkilatlandı. Biz onları qeyri-qanuni hərbi birləşmə adlandırırıq, ancaq orada müharibədən çıxmış ordunun yaradılması prosesi, demək olar ki, başa çatmaq üzrədir. Bunun son nöqtəsi isə Ermənistanın müdafiə naziri (münasibət öyrənəndən sonra nazir vəzifəsindən azad edilib – red.) əraziyə gəldi. Onlarla görüşdü, mükafatlandırdı. Normal şərtlərdə, bəyanatda yazılan kimi proseslər getsəydi, bunların heç biri olmamalı idi. Gərginlik Arşak Karapetyanın Qarabağa səfərindən sonra artmağa başladı. Erməni nazir ərazidə olan hərbi hissələrə mesaj verdi ki, siyasətlərini konflikt üzərində davam etdirəcəklər”.

Azərbaycan hərbçilərinin terror aktı törədən şəxsə qarşı adekvat cavab verməməsinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Hərbçilər mövcud təlimatlar çərçivəsində hərəkət edirlər. Bizim bölgədə əsas təhlükə ilə üz-üzə olan hərbçilərimiz nəzarət-buraxılış məntəqəsində xidmət aparanlardır. Təhlükə altındadır, o baxımdan ki, onlara qarşı yenidən eyni hallar yaşana bilər. Düşünürəm ki, həmin vaxta qədər hərbçilərdə təlimat olmayıb. Bu hadisə daha hazırlıqlı olmağımıza zəmin yaradacaq. Artıq təlimat olacaq ki, istər mülki, istər hərbi hədəf təhlükə törətsə, məhv edilməlidir. Şuşadakı hadisə zamanı Azərbaycan hərbçiləri ona görə atəş açmadılar ki, üzbəüz rusların postu vardı. Atəş açsaydılar, qarşıdakı ruslara xətər yetirə bilərdilər. Bu da, əslində, ermənilərin planının bir hissədir. Azərbaycanı Rusiya ilə istər siyasi, istər hərbi müstəvidə fakt qarşısında qoyacaqdılar, bu da konflikti dərinləşdirəcəkdi. Bunlar hamısı hadisələrin pərdəarxası planlarıdır. Bundan sonra da belə hallarla rəstlaşacağıq”.

Sərhəddəki baş verənlərin Azərbaycanın xeyrinə olduğunu deyən Elxan Şıxəliyevin sözlərinə görə, əsas problem Qarabağın daxilindədir:

“Sərhəddə əməliyyat şəraiti Azərbaycanın lehinədir. Orada baş verən bütün proseslər sərhədlərimizin delimitasiya və demarkasiyasının tərkib hissəsidir. Bizim hərbçilər, xüsusilə qarşılarına tapşırıq qoyulan birinci eşalondakı döyüş növbətçiliyi aparan şəxsi heyət hara Azərbaycana aiddirsə, onun üzərindən hərkətlər edirlər. Doğru da edirlər. Sərhəd boyu taktiki yüksəkliklərin nəzarətimizdə olması gələcək üçün çox önəmlidir. Sərhəddə əməliyyat şəraitinin gündəmini yaradan Azərbaycan tərəfidir. Ermənilər kortəbii, xaotik gələn komandaları icra edirlər. Çünki onların sərhədlə bağlı təcrübələri yoxdur. Sərhəddə olan bölmələr müharibədə iştirak etməmiş Ermənistanın ikinci, üçüncü ordu korpusunun hərbi birləşmələridir. Onların konflikdə təcrübələri yoxdur. Onlara əmr gəlir ki, filan yerdə oturun, səhər dururlar ki, başlarının üstünü qartallar kəsib.

Sərhədlə bağlı heç bir narazılığımız və narahatlığımız olmamalıdır. Görülən tədbirlər adekvatdır. Narahatlığımız sülhməramlıların nəzarət etdikləri ərazilərlə bağlıdır. Ortada qoruyucu bir mexanizm yoxdur. Görünən odur ki, sülhməramlılar baş verənlərin qarşısını almaq əvəzinə daha çox təhrik edirlər, erməniləri cəsarətəndirirlər. Şuşadakı postumuza qumbara atan Mirzoyanı aparıb Qarabağdakı qondarma rejimin “hüquq mühafizə orqanları”na təhvil veriblər. Onu qəhrəmanlaşdırırlar. Ermənilər artıq Xankəndində qumbara atan şəxsin 4 metr hündürlüyündə plakatını asıblar, ona “Artsaxın qəhrəmanı” deyirlər. Bu ab-havanı yaratmaq istəyən ruslardır. Baş verənlərdə ermənilər “peşka” kimi istifadə olunur”.

Rusiya sülhməramlılarının sabiq komandanı General-leytenant Rüstəm Muradovun Qarabağa gəliş-gedişinin səbəblərini isə hərbi ekspert bu cür izah edib:

“Qarabağdakı Rusiya sülhməramlıları dediyimiz, əslində, Rusiyanın Cənub Hərbi dairəsinin hərbi desant bölmələrinin şəxsi heyətidir. Onlar Cənub Hərbi dairəsinin əsgər və zabitləri kimi maaş alırlar. Onların beynəlxalq statusu yoxdur. Rüstəm Muradov Cənub Hərbi dairəsinin komandan müavinidir. Qarabağdakı kontingent Cənub Hərbi dairəsinin tabeçiliyindədir. Muradov ora gələndə Cənub Hərbi dairəsinin, xüsusən də Rusiya Müdafiə naziri Sergey Şoyqunun göstərişlərini gətirir, təlimatlandırır, gedir. Görünən odur ki, bizi baş verənlərə psixoloji olaraq hazırlayırlar. Onlar Azərbaycanı mövcudluqları ilə barışdırmaq istəyirlər. Hazırda psixoloji müharibənin atributları görünür. Sərhəddə adekvat cavab verə bilirik, həm də artıqlaması ilə. Qarabağın daxilində isə Rusiya faktoru əl-qolumuzu bağlayır”.

Səxavət Məmməd